Zərdüşt Əlizadə: “Rusiyanın maraqları tələb edir ki, münaqişə həll edilməsin”
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Vyanada görüşməsini təklif edib. Bu barədə ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, aprelin əvvəlində baş verən və Azərbaycan ordusunun əldə etdiyi ciddi uğurdan sonra prezidentlər arasında görüşün təşkil edilməsi ilk təşəbbüsdür. Artıq cəbhədə vəziyyət əvvəlkindən kəskin fərqlənir. Aprel döyüşlərində Azərbaycan ordusu erməni işğalçılarına öz gücünü göstərdi. Bu fonda həmsədrlər də münaqişənin həllnin tezləşdirilməli olduğunu bəyan etməyə başlayıblar. Belə bir məqamda Vyanada iki ölkə prezidentlərinin görüşü gözlənilir. Görəsən, apreldən sonra keçiriləcəyi gözlənilən bu görüş baş tutarsa, situasiyanın dəyişməsi fonunda ondan hansısa nəticələr gözləməyinə dəyərmi?
Politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında bildirdi ki, prezidentlərin Vyana görüşündən də, hətta aprel olayından sonra belə, ciddi nəsə gözləmir: “Bu görüşdən də irəliləyişin əldə olunması istiqamətində heç bir nəticə gözləmirəm. Minsk qrupunun həmsədrləri, Fransa, Amerika və Rusiya Ermənistana hərbi, maliyyə, diplomatik, siyasi dəstəyi kəsməyənədək, ermənilər də öz qanunsuz hərəkətlərindən əl çəkməyəcək. Ona görə də Vyanada İlham Əliyevlə Sarkisyanın görüşündən heç nə gözləmək olmaz. BMT Təhlükəsizlik Şurasının üzvü olan bu 3 böyük dövlət beynəlxalq miqyasda hamının tanıdığı və etiraf etdiyi qanunsuzluğu dəstəkləməkdən əl çəksə Qarabağ münaqişəsinin həllində də irəliyə doğru addımlar gözlənilə bilər. Bütün bunlara görə Vyanada baş tutacaq görüşdə, hətta aprel hadisəsindən sonra belə, həll istiqamətində irəliyə doğru cüzi də olsa yeniliyin olacağını düşünmürəm. Proses uzun çəkəcək. Çünki hazırda Rusiyanın maraqları tələb edir ki, münaqişə həll edilməsin, hazırkı status-kvo vəziyyəti saxlanılsın. Bu məsələdə Amerika ilə Fransa da eyni mövqedə dayanır”.
ELÇİN
www.yenicag.az