Uzun müddət idi ki, parkinson xəstəliyindən əziyyət çəkən tanınmış aktyor Allahverdi Yolçuyev artıq əməliyyatla sağalıb. Xəstəliyinə görə teatrdan və çəkilişlərdən uzaq düşən aktyor yenidən yaradıcılıqla məşğul olmaq arzusundadır.
Yenicag.az-a açıqlama verən aktyor səhnə və çəkilişlər üçün çox darıxdığını və tamaşaçılarını sevindirmək istədiyini dilə gətirib.
“Artıq sağalmışam, arada azacıq əsmələr olur, o da həyəcan keçirəndə. Bu günə çox şükür. O ki, qaldı yaradıcılığa, bu, məndən asılı deyil. Çox istərdim mən də yaradıcılığımla məşğul olum. Uzun müddət idi ki. səhnə fəaliyyətimdən uzaq düşmüşəm. Dəvətlər gözləyirəm. Kim nə vaxt məni çağırsa, hazıram. Amma hələ ki, heç bir dəvət yoxdur”.
Aktyor qonorarla bağlı sualımızı da cavablandırdı və xüsusi tələbinin olmadığını dedi:
“Heç vaxt qonorarla bağlı şərtlərim olmayıb. Mən bu peşəyə o qədər bağlıyam ki… Əsas odur ki, peşəmlə məşğul olum, tamaşaçılarımla qarşılaşım, onları gözəl tamaşalar, seriallarla salamlayım”.
Cəvahir
www.yenicag.az