Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Xəzərin hüquqi statusunun müəyyənləşməsi regional əməkdaşlığa yeni yol açır” – Ekspert  

Reklam: Sinerji Pro

“Bu məsələnin uzun müddət qeyri-müəyyən qalması Xəzər hövzəsi ölkələrinin öz resurslarından tam həcmdə istifadə etmələrini əngəlləyirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Aktauda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsinə dair yekun Konvensiyanın imzalanmasını dəyərləndirən ekspert Əlabbas Məhərrəmov deyib.

Əlabbas Məhərrəmovun sözlərinə görə, Xəzər Konvensiyasının imzalanması regional əməkdaşlığa mane olan ciddi əngəlin aradan qaldırılması anlamına gəlir:

“SSRİ-nin süqutundan ötən 27 il ərzində bu məsələ öz aktuallığını saxlasa da, Xəzərin hüquqi statusu hövzə dövlətlərinin apardıqları müzakirələrin məhz üçüncü onilliyində öz həllini tapdı.

Aradan keçən müddət ərzində sahilyanı dövlətlərin Xəzərin statusu məsələsində tutduqları ziddiyyətli mövqe problemin həllini gecikdirməklə yanaşı, həm də müəyyən mərhələlərdə gərginliyə səbəb olurdu.

Bu anlaşılmazlıqlar isə ilk növbədə Xəzər dənizindəki karbohidrogen ehtiyatların istismarı və boru xətlərinin çəkilməsi məsələsində xüsusilə qabarırdı. Konvensiyanın imzalanmasından sonra bu problemlər barəsində geniş danışmağa ehtiyac görmürəm.

Qeyd olunmalıdır ki, imzalanmış Konvensiya Xəzəryanı dövlətlərin maraqlarına cavab verir. Doğrudur, Konvensiyanın bütün müddəaları sahilyanı dövlətlərin hər birini ayrılıqda tam qane etmir. Bununla belə, konsensusun əldə olunması ciddi uğurdur və bu anlaşma regional əməkdaşlığa yeni yol açır.

Sözsüz ki, Konvensiya ilə bağlı bizi maraqlandıran əsas məqam həmin sənədin Azərbaycanın maraqlarına uyğunluğudur ki, prezident İlham Əliyev də Aktau sammitindəki çıxışında bu məqamı vurğuladı.

Xəzərin hüquqi statusunun müəyyənləşməsi beş dövlət arasında dəniz sərhədlərini konkretləşdirməklə, karbohidrogen ehtiyatlarla zəngin olan ərazilər üzərində mübahisələrə də son qoydu. Bildiyiniz kimi, bu məsələnin uzun müddət qeyri-müəyyən qalması Xəzər hövzəsi ölkələrinin öz resurslarından tam həcmdə istifadə etmələrini əngəlləyirdi.

Eyni zamanda, Xəzər dənizində təhlükəsizlik məsələləri də Konvensiyada öz əksini tapıb və fikrimcə, bu sahədə də hər hansı anlaşılmazlıq qalmayıb. Bundan sonra əsas iş əməkdaşlıq imkanlarından maksimum yararlanaraq, qarşılıqlı faydaya əsaslanan fəaliyyəti təmin etməkdir”.

A.Zeynalov

www.yenicag.az

2182
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100