Xorvatiyanın sabiq prezidentləri Bakıya gələcəklər

131325_res_01Xorvatiyanın sabiq prezidentləri Stepan Mesiç və İvo Yosipoviç 10-11 mart tarixlərində Bakı şəhərində “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər edəcək.

Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri müzakirə olunacaq. Bundan başqa, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, S.Mesiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür. Hər iki sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixlərində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.