!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

‘‘Ya dövlət məktəbləri, ya da özəl liseylər ləğv edilsin’’ - Gənc alimin təklifinə REAKSİYALAR

!Reklam – Yazi

Yeniçağ.Az-a açıqlama verən gənc alim, Xəzər Universitetinin müəllimi Cahid İsmayıloğlunun fikrincə, “Özəl lisey və məktəblər təbəqələşməni artırır, dövlət məktəblərini məhvə aparır”.

Alimin fikrincə, ‘‘ən təhlükəlisi odur ki, özəl məktəblərdə təhsil alanla dövlət təhsil müəssisələrində təhsil alan cəmiyyətin bərabərhüquqlu üzvü saydığımız vətəndaşları arasında ciddi uçurum yaranır, bu da təbəqələşməyə gətirib çıxarır. Eyni zamanda özəl məktəblər, dövlət məktəblərini daim təzyiq altında saxlayır, sağlam olmayan rəqabət əsasında dövlət məktəblərini məhvə aparır’’.

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Yeniçağ.az-a özəl məktəblərlə dövlət məktəbləri arasındakı fərqdən danışıb. Ekspertin fikrincə, dövlət məktəblərinin də monopoliyası var. Və bu da o deməkdir ki, təhsil azad deyil:

“Çox az miqdarda özəl məktəblər vardır ki, onların arasında da inhisarlaşma gedir. Yəni mövcud olan özəl məktəblər hakimiyyətə bağlı olan yüksək vəzifəli şəxslərin ixtiyarındadır. Onlar imkan vermirlər ki, təhsil ocağına yeni məktəblər daxil olsun. Çünki yeni özəl məktəblər daxil olsa onların monopoliyasına son qoyula bilər. Bir tərəfdən dövlət sektorunun, digər tərəfdən də çox az sayda olan özəl sektorun monopoliyası rəqabət prosesinin olmasına imkan vermir. Yaxşı təhsil verənlə, pis təhsil verən arasında əlaqə itir və əsas meyarı müəyyən etmək mümkün olmur. Bu gün Azərbaycan təhsilinin durumu çox aşağı səviyyədədir. Dövlət İmtahan Mərkəzinin saytına girməklə bunu kifayət qədər sübut etmək olar. Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmək gücündə deyil. Ümumiyyətlə, təhsildə mexanizmi elə qurmaq lazımdır ki, təbəqələşmə olmasın. Hətta heç də vacib deyil ki, özəl liseylərin ödənişini birbaşa valideyn etsin. Bunu dövlət də verə bilər. Dövlət onsuz da hər şagirdə təhsilhaqqı ayırır. Həmin təhsilhaqqına sərəncam vermək hüququ valideynlərə verilməlidir. Bundan sonra da məktəblər ehtiyat edəcək ki, təhsil verməsəm pul gəlməyəcək. Əslində belə olmalıdır, yoxsa monopoliya önə çəkilməli deyil. Bir söz də deyim ki, dövlət məktəbləri özləri özlərini məhvə aparır. Bizim təhsilimiz üçün yeganə yol özəl liseylərdir. Çünki az-çox yenə orda bilik verirlər. Ancaq alınan təhsil adekvat deyil. Çox yüksək təhsilhaqqı alırlar. Bu məsələni isə kimisə qorxutmaqla, həbs etməklə həll etmək olmaz”.

Təhsil üzrə ekspert Kamran Əsədov da o fikirdədir ki, bu gün Azərbaycanda dövlətin orta məktəbləri ilə müqayisədə özəl sektorda təhsilin keyfiyyəti və nəticələri dəfələrlə yüksəkdir:

“Bunun bir sıra əsaslı səbəbləri var. Birincisi, özəl orta məktəblər şagirdlərini seçmə imtahanlardan sonra qəbul edirlər ki, bu zaman daha çox bilikli, bacarıqlı şagirdlər onların təhsil ocaqlarında təhsillərini davam etdirirlər. İkincisi, nəticələrə ciddi təsir göstərən əsas amil əməkhaqqıdır ki, bu da özəl orta məktəblərdə daha yüksəkdir. Sözsüz ki, yüksək maaş alan pedaqoq yüksək də dərs keçəcək ki, bu da ali məktəblərə qəbul imtahanları zamanı özünü göstərir. Məsələyə təsir göstərən digər ciddi amillərdən biri də odur ki, dövlət məktəblərindən fərqli olaraq, özəl orta məktəblərə rəhbərlik edən şəxslər kimlərinsə qohumu, tanışı deyil, təhsilin içindən çıxmış mütəxəssislərdir və rəhbərlik etdiyi qurum da daima təhsilin inkişafında, sağlam mühitin yaradılmasında maraqlı olurlar. Başqa bir ciddi səbəb də özəl məktəblərdə çalışan müəllimlərin bir neçə mərhələli imtahandan sonra işə qəbulu, çalışdığı müddət ərzində onun daima inkişafda olmasına nəzarətdir. Bu gün özəl orta məktəblərdə təhsilhaqqı kifayət qədər yüksək olduğundan orada sıravi azərbaycanlı övladının oxuması mümkün deyil. Bu tipli təhsil müəssisələrində daha çox məmur övladları, biznesmen uşaqları oxuyurlar ki, bu da təbəqələşməni gücləndirir”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1071
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv