"Ya masada, ya da hərb yolu ilə həll olunacaq" – İrandan ABŞ-ni küncə sıxan raket HƏMLƏSİ
“İran belə davam edərsə, ABŞ-ni birbaşa vura biləcək raketlər istehsal edə bilər”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.

Politoloq ABŞ lideri Donald Trampın “İran ABŞ-yə çata biləcək raketləri qısa müddətdə hazırlaya bilər” açıqlamasını şərh edərkən bunun real olduğunu qeyd edib:
“ABŞ Prezidenti Donald Trampın İranın raket ehtiyatının məhv edilməsi ilə bağlı açıqlaması bir qədər şişirtmə idi. Əlbəttə, 38 günlük müharibə zamanı İrana ağır zərbələr vuruldu. Lakin bütövlükdə İranın sahib olduğu raket arsenalı tam sıradan çıxarılmadığı kimi, raket proqramı da öz mövcudluğunu qoruyub saxlayır. Təsadüfi deyil ki, diplomatik danışıqların əsas müzakirə mövzularından və ABŞ-ın başlıca tələblərindən biri məhz bu proqramın məhdudlaşdırılmasıdır.
38 günlük müharibə dövründə İranın Dieqo-Qarsiya adasına raket zərbəsi endirməsi göstərdi ki, bu ölkənin raket texnologiyası təsəvvür ediləndən daha çox inkişaf edib. Bu isə o deməkdir ki, İran 4 min kilometr məsafədəki hədəfləri vurmaq imkanına sahib olmağa çox yaxındır. Şübhəsiz ki, İranın hazırda ABŞ ərazisinə çata biləcək raketləri yoxdur, lakin gedişat belə davam edərsə, bu potensialı qazanacaq. Odur ki, Vaşinqton buna imkan verməyəcək. Problem ya diplomatik yolla, ya da hərbi müdaxilə ilə həll ediləcək. Bunun başqa alternativi yoxdur.”
Nurlan Cəfəri













