Yağış bazarı “YUDU”: Hansı məhsullar ucuzlaşa, hansılar bahalaşa bilər?

media-hightechnic-468x90

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağışlar kənd təsərrüfatı sektorunda ciddi müzakirələrə yol açıb. Təbiət hadisəsinin məhsuldarlığa və bazardakı qiymətlərə təsiri qaçılmaz hesab olunur.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, güclü və davamlı yağışlar kənd təsərrüfatına həm fayda, həm də ziyan vura bilər:

“Ən böyük fayda torpağın rütubətlə zənginləşməsi, su anbarlarının dolması və yay mövsümündə suvarma ehtiyacının azalmasıdır. Xüsusilə taxıl, yem bitkiləri və bəzi tərəvəzlər üçün ilkin mərhələdə bu yağışlar məhsuldarlığı artıra bilər.

Lakin yağışlar uzun çəkərsə və torpaq həddindən artıq islanarsa, ciddi problemlər yaranır. Əkin sahələrinin su altında qalması köklərin çürüməsinə, göbələk xəstəliklərinin artmasına və nəticədə məhsul itkisinə səbəb olur. Bu, tərəvəzlərdə keyfiyyətin kəskin aşağı düşməsi ilə nəticələnə bilər. Kartof, soğan, pomidor və xiyar kimi məhsullar artıq nəmdən daha çox zərər görür. Həmçinin taxıl biçini gecikərsə, məhsulun keyfiyyəti aşağı düşə bilər”.

Ekspert heyvandarlıq sektorundakı risklərə də toxunub:

“Hazırda ot biçini mövsümüdür. Sahədən götürülməyən ot islanır və keyfiyyətini itirir. Otlaq sahələrinin palçıqlı olması yem hazırlanmasını gecikdirir ki, bu da bəzi bölgələrdə yem çatışmazlığı riskini artırır”.

Akif Nəsirli yağışların yaxın həftələrdə də davam edəcəyi təqdirdə bazarda qiymət artımının qaçılmaz olacağını istisna etməyib:

“Xüsusilə tərəvəz və meyvələrdə qiymət artımı ehtimalı yüksəlir. Pomidor, xiyar, kartof, soğan və giləmeyvə məhsullarında həm qıtlıq, həm də bahalaşma müşahidə oluna bilər. Meyvə ağaclarında məhsul itkisi yaranarsa; ərik, alça və gilas kimi məhsulların da qiyməti qalxacaq.

Bununla yanaşı, taxıl və yem məhsullarında vəziyyət bölgədən asılı olacaq. Əgər hava şəraiti qısa zamanda normallaşsa, böyük qıtlıq yaranmaya bilər. Amma sel, torpaq sürüşməsi və uzunmüddətli rütubət davam edərsə, kənd təsərrüfatı məhsullarının ümumi qiymət indeksində artım gözlənilir”.

Cəvahir 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05