Avqustun 23-ü saat 21:00 radələrində paytaxtın Yasamal rayon sakini, 1989-cu il təvəllüdlü Haşım Daşdəmirovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, Yasamal Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Haşım Daşdəmirov 02.08.2021-ci il tarixdə saat təxminən 1 radələrində Yasamal rayonunda yerləşən marketlərin birinin qarşısında Əbil Məcidov ilə mübahisə edib, mübahisə zamanı sonuncunun Haşım Daşdəmirova yumruqla zərbə endirərək ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində Haşım Daşdəmirov 23.08.2021-ci il tarixdə xəstəxanada ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əbil Məcidov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
www.yenicag.az