!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərq: “Qaynayan qazan”da böyük müharibənin İŞARTILARI

!Reklam – Yazi

Son dövrlərdə Yaxın Şərqdəki siyasi mənzərə Türkiyə və İsrail arasında müharibə ehtimalının gücləndiyini göstərirdi. Bu ssenari ilə bağlı ilk dəyərləndirməmi dekabr ayının ikinci yarısında az sayda insanla bölüşmüşdüm. Müzakirə zamanı bildirmişdim ki, qiymətləndirməmə görə, belə bir müharibə təqribən 5 il sonra baş verə bilər. Toqquşma ehtimalı isə 2027-ci ildən sonra qaçılmaz bir mərhələyə keçəcək. Bugünkü vəziyyət, regionda baş verən proseslər və iki ölkə arasındakı gərginlik bu proqnozun reallaşma ehtimalını daha da artırır. Qarşıdurma yalnız iki ölkəyə deyil, bütün regiona təsir edəcək ciddi bir dəyişikliyin xəbərçisidir.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” kanalının “Türkiyə ilə İsrail arasında qaçılmaz münaqişə: Orta müddətli geosiyasi analiz” başlıqlı məqaləsində qeyd olunub.

Türkiyə ilə İsrail arasında gərginliyin artması

Son illərdə bölgədə təsirini artırmaqla hərəkət edən Türkiyə, İsrail tərəfindən potensial təhlükə kimi qəbul edilir. Xüsusilə Türkiyənin Fələstin məsələsindəki aktiv rolu, Suriya coğrafiyasında təsirinin artması və ümumiyyətlə, regional liderlik hədəfləri iki ölkə arasındakı strateji rəqabətin əsasını təşkil edir.

Qarşımızda iki fərqli regional liderlik “proyekti” var: Neo-Osmanlı – Böyük İsrail. Regiondakı balans İsrailin hədəfləri, özünüqoruma refleksi və bu səbəbdən yürütdüyü ekspansionist siyasətlə daha da mürəkkəbləşir. Bir tərəfdən, Türkiyənin təsir dairəsini genişlətmə səyi, digər tərəfdən isə İsrailin aqressiv strategiyası bu iki ölkənin uzunmüddətli birgəyaşayışını çətinləşdirir.

Dəyərləndirməmdən iki həftə sonra “The Jerusalem Post”da yayımlanan məqalədə də məhz buna işarə edilir. Bildirilir ki, hər iki tərəfin son diplomatik addımları və regional təşəbbüsləri potensial münaqişə üçün zəmin yaradır. “The Jerusalem Post”un digər məqaləsində isə qeyd olunur ki, Türkiyə və İsrailin təhlükəsizlik və enerji sahələrində strateji maraqları istər-istəməz üst-üstə düşür və gərginliyin yaranmasına gətirib çıxarır.

Münaqişənin gizli tərəfi: İqtisadi maraqlar

Gərginliyin artmasında iqtisadi faktorlar mühüm rol oynayır. Türkiyə özünü Şərqlə Qərbi birləşdirəcək enerji habı kimi mövqeləndirməyə çalışır. “Türk axını” kimi qaz kəməri layihələri və Şərqi Aralıq dənizindəki yataqlara dair iddialar İsrailin iqtisadi maraqlarına ziddiyyət təşkil edir. İsrail də öz növbəsində Yunanıstan və Kiprlə müttəfiqlik yolu ilə qaz ixracını inkişaf etdirir ki, bu da Ankara ilə fikir ayrılıqlarına səbəb olur.

Regional toqquşmanın hərbi tərəfi

Hərbi toqquşma kontekstində İsrailin Livan, Qəzza və Qolan təpələrində həyata keçirdiyi əməliyyatlara diqqət yetirmək lazımdır. İsrailin özünümüdafiə adı altında genişlənmə siyasəti regionu daim gərginlikdə saxlayır. Xüsusilə Qəzzaya təkrarlanan hərbi müdaxilələr humanitar böhranı daha da dərinləşdirir, Livanda “Hizbullah”a qarşı həyata keçirdiyi hücumlar və Qolan təpələrində, Suriya ərazisində mövqelərini gücləndirməsi ekspansiya strategiyasının konkret nümunələridir. Yaranmış vəziyyət bölgədə uzunmüddətli sabitliyin təmin olunması qarşısındakı ən böyük maneədir. Bu baxımdan, fikrimcə, regional sülh üçün İsrailin dayandırılması, ona hədlərin bildirilməsi labüd kimi görünür.

Suriya cəbhəsini bağlamaq lazımdır

İsraillə toqquşmaya hazır olmaq üçün Türkiyə əvvəlcə Suriya cəbhəsini tamamilə bağlamalıdır. Belə bir ssenaridə Türkiyənin SDQ/YPG-ni zərərsizləşdirmək strategiyası xüsusi əhəmiyyət kəsb edir. Diqqət yetiriləsi məqam ABŞ ilə Türkiyə arasında 2019-cu ildə imzalanan Ankara Memorandumudur. Buna əsasən, Türkiyənin Fərat çayının şərqinə müdaxilə imkanı məhdudlaşdırılıb. Memorandumu və ABŞ-nin YPG-ni birbaşa dəstəkləməsini nəzərə alsaq, deyə bilərik ki, “Suriya Demokratik Qüvvələri” tərkibində fəaliyyət göstərən silahlı qrupların neytrallaşdırılması rəsmi Vaşinqtonla Ankara arasında əldə ediləcək razılaşmadan asılıdır.

Bu məqamda Türkiyənin YPG ilə bağlı hədəflərini diqqətli şəkildə dəyərləndirmək lazımdır. Qiymətləndirməmə əsasən, Türkiyənin əsas hədəfi 30 km. dərinliyə malik təhlükəsiz zonanın yaradılması, yəni Ayn əl-Ərəb, Qamışlı və Malikiyyə yaşayış məntəqələrinin nəzarətə götürülməsidir. Türkiyənin cənuba, Suriyanın dərinliklərinə, daha dəqiq desək əl-Həsəkə, əş-Şəddadi və Deyr əz-Zorun şərqindəki neft və qaz yataqlarına (Koniko, Ömər, Tanak və s.) doğru birbaşa irəliləməsi perspektivi görünmür. Bu resursların idarəetməsi, çox güman ki, ABŞ-nin dəstəklədiyi və ya razılaşacağı qüvvələrdə qalacaq. Yəni hər bir halda Suriyanın yeni administrasiyası yataqların istismarı üçün ABŞ ilə razılaşmalı olacaq.

İsraillə toqquşma kontekstində YPG-nin varlığı məsələsinə geri dönəsi olsaq, mümkün toqquşma zamanı İsrailin müttəfiqi kimi çıxış edəcək olan YPG Türkiyəyə qarşı bir neçə cəbhənin açılmasına səbəb ola bilər. Bu, həm Suriya cəbhəsidir, həm onun təsiri ilə İraq, həm də domino effekti ilə Türkiyə daxilində yaranacaq çaxnaşmadır.

Diplomatik perspektivlər və qlobal oyunçuların rolu

Hərbi ssenari ehtimalını vurğulasam belə, diplomatiyanın rolunu unutmaq olmaz. İsrailin müttəfiqi olan ABŞ regionda hələlik status-kvonun saxlanmasında maraqlı olduğunu göstərir. Bu fonda Türkiyənin Rusiya və Çinlə münasibətlərinə, həmçinin ərəb ölkələrinin tutacağı mövqeyə diqqət yetirmək lazımdır. Burada Türkiyənin diplomatiyasına da diqqət yetirmək lazımdır, çünki Ankara keçmişdə bir çox çətinliklərin öhdəsindən uğurla gəlib. Türkiyə müttəfiqlərini taleyin ümidinə buraxmadan hər zaman dəstək olub. Məsələn, Kiprdə tərəfdarlarının mənafeyini qoruya bilib, Suriyada müttəfiqlərini tərəf qisminə gətirib, sonunda ölkənin idarəetməsini onlara qazandırıb, Liviyada isə dəstəklədiyi tərəfin məğlub olmasına imkan verməyib.

Bu cür uğurlu addımlar, şübhəsiz ki, türk diplomatiyası üçün müsbət imic formalaşdırır. Türkiyə müttəfiqlərinə dəstək olan və fayda verən tərəf olmağa davam edərsə, Yaxın Şərqdə daha əhəmiyyətli və diqqətə alınası bir oyunçu kimi görünəcək. Ona görə də Türkiyənin uzunmüddətli perspektivdə Körfəz ölkələrinin, eləcə də digər ərəb dövlətlərinin tam dəstəyini alması, bununla da İsrailin manevr sahəsini məhdudlaşdırması tamamilə mümkündür.

Nəticə olaraq geosiyasi tarazlıq nöqteyi-nəzərindən uzunmüddətli perspektivdə Yaxın Şərqdə böyük müharibənin başlayacağını proqnozlaşdırmaq çətin deyil. Lakin bu məsələdə bir tək hərbi gücə deyil, diplomatiyaya və müttəfiqliyə də xüsusi diqqət yetirilməlidir. Müharibə yalnız toqquşmaların şiddətlənməsi, diplomatik səylərin uğursuzluğu və İsrailin daha da genişlənməsi şəraitində baş verəcək. Regionun gələcəyini təkcə bu iki ölkənin qarşıdurması deyil, həm də digər oyunçuların mövqeyi və qlobal güclərin maraqları müəyyən edəcək.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv