Yaxın Şərqdə 450 milyardlıq "barut çəlləyi": "Diplomatiya artıq bitdi, savaş qaçılmazdır"
“ABŞ müharibədə 450 milyard dollar zərər görüb”.
Bu statistikanı Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
Politoloq, İranın Ali Dini Rəhbərinin müşaviri, general-mayor Möhsün Rzayinin Amerikanı diplomatiyaya xəyanət etməkdə ittiham etməsini şərh edərək, bu açıqlamanı müharibənin açarı kimi qiymətləndirib:
“İran və ABŞ tərəfinin bir-birini ittiham etməsinin səbəbi, qarşı tərəfi blokadada saxlamalarıdır. İran Hörmüz boğazını, ABŞ isə dəniz yollarını blokadada saxlamağa çalışır. Bunun da arxasındakı əsas səbəb üçüncü müharibənin baş vermə ehtimalıdır. Amerikanın son müharibədən 450 milyard dollara qədər zərər gördüyü bildirilir. Hazırda ABŞ çalışır ki, müharibədən yayınaraq İrandan hansısa güzəştləri əldə etsin və Yaxın Şərqə nəzarəti öz əlinə alsın. İran isə böyük dövlətdir və boyun əymək istəmir. Əsas məqsədi də öz təhlükəsizliyini təmin etmək və Amerikaya regionda istədiyi kimi hərəkət etməyə imkan verməməkdir. Bu qarşılıqlı ittihamların arxasında duran əsas istək qarşı tərəfi hərb ya da informasiya müharibəsi ilə sıradan çıxarmaqdır. Düşünürəm ki, bu cür söz davaları nəticə etibarilə növbəti müharibəni yaxınlaşdıra bilər. Razılıq yoxdursa, artıq yeni müharibə üçün müəyyən əsaslar yaranır. Bu əsaslar mövcuddursa, müharibə ehtimalı qaçılmaz ola bilər. İstər İran rəsmilərinin, istər Trampın, istərsə də İsrailin açıqlamalarının hamısı mahiyyət etibarilə yeni müharibənin tətiklənməsi kimi qəbul edilə bilər”.
Nurlan Cəfəri













