Yəməndə "Cənub dövləti" HƏQİQƏTƏ ÇEVRİLİR: 80% NEFT EHTİYATLARI STC-nin İXTİYARINDA
“STC-nin Hadrəməvtdə irəliləməsi təkcə lokal əməliyyat deyil, Yəmənin xəritəsini yenidən çəkən, neft resurslarını bölüşdürən və Səudiyyə–BƏƏ ittifaqını sınağa çəkən geosiyasi addımdır”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

O, BƏƏ-nin dəstəklədiyi STC qüvvələrinin Hadrəməvt istiqamətində irəliləməsinin Yəməndə güc balansını necə dəyişdirə biləcəyi barədə fikirlərini səsləndirib.
Politoloq qeyd edib ki, BƏƏ-nin dəstəklədiyi STC qüvvələrinin Aden və Şəbvədən çıxaraq, Səudiyyənin nüfuz zonası sayılan Vadi Hadrəməvtə daxil olması regionun siyasi xəritəsini dəyişə biləcək bir addımdır.
“Hadrəməvt Yəmənin ən böyük və ən neftlə zəngin vilayətidir. Ölkə ehtiyatlarının 80%-ə qədəri Masila yatağında yerləşir. STC-nin buradakı neft infrastrukturlarını ələ keçirməsi onu sadəcə siyasi qurumdan neft aktoruna çevirir və gələcəkdə mümkün Cənub Yəmən dövlətinin iqtisadi təməlini yaradır.
Bu irəliləyiş Səudiyyə ilə BƏƏ arasındakı gizli rəqabəti daha da kəskinləşdirir və “vahid Yəmən” modelinin çökməkdə olduğunu göstərir. Riyadın Hadrəməvtdəki ən mühüm dayaqları (1-ci Hərbi Region, islahatçı şəbəkələr, tayfa ittifaqları) zəifləyir. Bu isə Səudiyyəni ya STC-ni “öz tərəfinə çəkməyə”, ya da bölgədə alternativ tayfa–hərbi qüvvələr yaratmağa məcbur edir. Paralel olaraq, Səudiyyənin husilərlə mümkün razılaşması (sərhəd və raket təhlükəsizliyi müqabilində şimalda onların hakimiyyətinin tanınması) yeni geopolitik balans yarada bilər.
STC-nin yüksəlişi regiondakı bütün aktorları hərəkətə gətirir: İran cənubdakı parçalanmadan faydalanır, Oman isə BƏƏ-nin sərhədlərinə yaxınlaşmasından narahatdır. Qərb dövlətləri formal olaraq “Yəmənin birliyini” dəstəkləsələr də, faktiki olaraq STC-ni cənubun real gücü kimi qəbul edirlər. Beləliklə, STC-nin Hadrəməvtdə irəliləməsi təkcə lokal əməliyyat deyil, Yəmənin xəritəsini yenidən çəkən, neft resurslarını bölüşdürən və Səudiyyə–BƏƏ ittifaqını sınağa çəkən geosiyasi addımdır,” deyə Uotson sözlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli












