Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist Hikmət Babaoğlu Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya açıq məktub yazıb.
Yenicag.az H.Babaoğlunun məktubunu təqdim edir:
“Hörmətli Möhsün müəllim!
Bu günlərdə ictimaiyyətə təqdim olunan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bir sıra məsələlər təqdir edilməklə yanaşı bəzi məsələlər də ciddi tənqidə məruz qaldı. Düşünürəm ki, hər iki mövqedə olanlar özlərinə görə haqlıdırlar. Ancaq bəzi önəmli nüanslar var ki, onları doğurdan da qəbul etmək olmaz. Dil elə bir vasitədir ki, ondan təkcə alimlər deyil, bütün xalq istifadə edir. Elə dilin qaydalarını da, orfoqrafiyasını da xalq yaradır. Alimlər isə sadəcə bu qaydalara elmi qəlib düzəltməyə çalışırlar. Ancaq bu heç də həmişə uğurlu olmur. Nəzərə almaq lazımdır ki, dili yaradan xalq olduğu kimi elə onu mühafizə edən, qoruyan, inkişaf etdirən də xalqdır. Əlbəttə, dilin inkişafında ədəbiyyatın, publisistikanın, yazılı və şifahi nitq daşıyıcılarının rolunu danmaq mümkün deyil. Ancaq bütün bunlarla yanaşı, yenə də dilin zənginləşməsi, cilalanması, xarici təsirlərdən qorunması, yaxud başqa dillərlə mübadilə yaratması xalqla bağlıdır. Yəni, istənilən halda dil məsələsində imperativ mövqe məhz xalqa məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı çox zəngin bir dil formalaşdırmağı bacarıb və bizə elə gözəl bir dil miras qoyub ki, bu dili, onun xüsusiyyətlərini dərindən mənimsəyə bilsək tam şəkildə bu dilin imkanları ilə həm özümüzü, hisslərimizi, düşüncələrimizi ifadə edə bilərik, həm də ən zəngin hesab edilən dillərdə yazılan həm nəsr, həm də nəzm nümunələrini dilimizə asanlıqla tərcümə edə bilərik. Yəni dilimiz bu qədər geniş imkanlara və potensila sahibdir”.
H.Babaoğlu daha sonra yazıb:
“Ancaq elə məsələlər var ki, onu dilimizdən sadəcə məişət səviyyəsində istifadə edən və gündəlik leksikonunda cəmi bir neçə yüz söz işlədən insanlar deyil, dildən daha zəngin mənbə kimi istifadə edən peşə sahibləri bilir. Belə peşələrdən biri də jurnalistika peşəsidir. Düşünürəm ki, dilimizin inkişafında yazıçı və şairlərimizdən sonra ən çox rolu olan zümrələrdən biri, bəlkə də birincisi jurnalistlərdir. Xüsusilə hazırkı informasiya cəmiyyətində qlobal dil mübadiləsi prosesində dilimizi qorumaq və onun imkanlarını, hətta bəzən zorlayaraq müasir inkişaf etmiş dillərin siyasi, analitik, diplomatik, elmi, bədii, texnoloji və s. üslublarının Azərbacan dilində qarşılığını tapmaqla ona pasport qazandıran peşə sahiblərindən biri yenə də jurnalistlərdir. Ona görə də mən bir alim, bir millət vəkili kimi deyil, bir jurnalist kimi sizə müraciət edərək doğru hesab etdiyim bəzi fikirlərimi sizinlə və rəhbərlik etdiyiniz Dilçilik İnstitutunun çox dəyərli alimlərilə bölüşmək istəyirəm. Düşünürəm ki, bu, dilimizin yeni orfoqrafiya qaydaları yaradılarkən ümumi işimizin xeyrinə ola bilər.
Beləliklə, təcrübə göstərir ki, orfoqrafiya qaydalarını tez-tez dəyişdikcə yazılı və şifahi özünüifadə də səhvlər çoxalır. Biz orfoqrafik qaydalarla əsasən orta məktəb illərində tanış olduğumuza görə, o dövürdəki qaydaları mənimsəyib yadda saxlayırıq. Sonrakı mərhələdə yeni qaydaları ya izləyə bilmirik, ya da yadda saxlaya bilmirik. Beləliklə, dildən istifadə zamanı səhf etmək ehtimalımız artır. Ona görə də zəruri ehtiyac olmadığı halda yeni orfoqrafiya qaydaları yaratmağa ehtiyac yoxdur. Əks təqdirdə, dil istifadəçilərinin səhvi o qədər çox olacaq ki, bu da orfoqrafiya xaosuna çevriləcək. Heç kim nəyin doğru, nəyin yanlış olduğunu bilməyəcək. Çap mediasında və kitab nəşrində çoxsaylı korrektorlar ordusuna ehtiyac yaranacaq. Eyni söz fərqli kitablarda fərqli yazılacaq. Bu isə yolverilməzdir. Başqa bir məsələ ondan ibarətdir ki, dil haqqında hamı akademik düşünə bilmir. Uzun illərin yazı və ifadə vərdişi və bu vaxta qədərki orfoqrafiya forması həm idraki yaddaşda, həm də qələm və əzələ yaddaşımızda sözün yazılış formasını qəlibləşdirib. Məsələn, biz “alqı-satqı” sözünü yeni təklif olunan “alğı-satqı” formasında uzun müddət yaza və ifadə edə bilməyəcəyik. Yeni formanın elmi əsasları nə qədər obyektiv olsa belə ən yaxşı halda bir müddət sonra alğı-satqı yox, alğı-satğı deyəcəyik. Çünki birinci “al” sözünə əlavə edilmiş “ğı” forması imperativdir və diqtə edir ki, ondan sonrakı “sat” felindəki “qı” əlavəsi də “ğı” kimi tələffüz edilsin. Yəni hər iki şəkilçi ya boğazda “ğ” kimi səslənməli, ya da ağızda “q” kimi. Ona görə də elə “alqı-satqı” forması əvvəlki qaydada saxlanıla bilər. Bu misal digər başqa hallar üçün də nümunə ola bilər. Yox əgər biz həqiqətən ciddi şəkildə dil islahatları aparmaq niyyətindəyiksə, gəlin onda daha ciddi səhvləri düzəltməyə çalışaq. Məsələn, “müəllim” sözünün orfoqrafik formasını “muallim” kimi düzəldək. Çünki mü-əllim ərəb dilində ələm, kədər, əzab mənasını verir, onda müəllimi isə əzabverən kimi tərcümə edə bilərik. Mu-allim isə elm, öyrənmək kökündən yaranıb, mu önşəkilçisi qəbul edərək elm öyrədən mənasında işlədilir. İndi görək alğı-satqı məsələsi daha vacibdir, yoxsa müəllim, muallim məsələsi”.
H.Babaoğlu bundan başqa, orfoqrafik formanın dəyişilməsinin çox zəruri olduğu bəzi sözləri M.Nağısoylunun diqqətinə çatdırmaq istədiyini qeyd edib:
“Məsələn, torpaq, yarpaq, kirpik, körpü və s. Torpaq sözünün kökü “tor” deyil, “top”dur. Topa-toprak mənşəyilə bağlıdır. Ona görə də tor-paq yox, top – raq kimi yazılmalıdır. Yarpaq sözünün kökü “yar” deyil, “yap”-dır. Yəni, yastı, yap-yastı. Göründüyü kimi,ilkin variantda yastı sözünün önündə ədat kimi işlənilir.Sonra isə müstəqil sözə yaxud müstəqil leksik vahidə çevrilir . Doğrudan da yarpaq yastıdır. Ona görə də yarpaq kimi yox, yapraq kimi yazılmalıdır. Körpü sözünün kökü “kör” deyil, “köp” dür. Köp şişmiş qabarmış mənasındadır. Körpü də daşların xüsusi ağırlıqpaylayan qabartma üsulu ilə tikildiyi üçün köprü kimi yazılmalıdır. Kirpik sözünün də kökü “kir” deyil, “kip”dir. Yəni, gözün qıyısına düzülmüş sıx, kip qoruyucu mənasındadır. Ona görə də kiprik kimi yazılmalıdır və s.
Əgər doğurdan orfoqrafiya islahatına ehtiyac varsa, gəlin dilimizdə onlarca, yüzlərcə səhf yazılan bu qəbildən olan sözləri düzəldək. Düzəldək ki, həm dilimiz saflansın, həm də semantik məna ilə etimoloji məna düz olsun, məntiqli olsun.
Ancaq bunun üçün əvvəlcə bu tip sözləri yığıb siyahısını dərc etməli, sonra onu geniş müzakirə predmetinə çevirməli, ən nəhayət ümumi fikrə gələrək qəbul etməliyik. Belə olarsa, bu barədə ictimaiyyətin də geniş məlumatı olar və elə müzakirə prosesində də yeni variant yaxşıca mənimsənilər. Heç birimizin, o cümlədən Dilçilik İnstitutunun belə bir öhdəçiliyi yoxdur ki, təcili şəkildə alğı-satqı kimi orfoqrafiya qaydası müəyyənləşdirsin.
Hörmətli Möhsün müəllim, başda siz olmaqla, dilimizin elmi əsaslarda öyrənilməsində, onun inkişafında çox böyük rolu olan institutunuza, onun hər bir dəyərli əməkdaşına elm-ictimai fəaliyyətində uğurlar arzulayır, yeni orfoqrafiya qaydaları kimi çətin, amma gərəkli işin öhdəsindən layiqincə gəlmələrini diləyirəm”.