Hakimiyyət İrəvanda “xilas turuna” ÇIXIR – Paşinyana qarşı ETİRAZLAR ÇOXALIR
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) rəhbərliyinə İrəvanın müxtəlif inzibati dairələrində intensiv görüşlər keçirmək, vətəndaşlarla ayrıca ünsiyyət qurmaq tapşırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli “Joqovurd” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hökumət 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi paytaxt İrəvanda ciddi çətinliklərlə üzləşəcəyini artıq aydın şəkildə dərk edir. 2023-cü ildə keçirilən bələdiyyə seçkiləri isə bu baxımdan bir növ “lakmus kağızı” rolunu oynayıb. Həmin seçkilərdə hakim fraksiyanın İrəvanda geniş şəkildə rədd edildiyi ortaya çıxıb.
Məhz bu səbəbdən hökumət rəhbərliyi, o cümlədən Ermənistan Milli Məclisinin sədri, nazirlər və VMP fraksiyasının deputatları paytaxt sakinləri ilə birbaşa təmas qurmaq üçün görüşlər seriyasına başlayıblar. Məqsəd isə Baş nazir Nikol Paşinyana real ictimai əhval-ruhiyyəni çatdırmaqdır.
Qeyd olunur ki, parlamentin sədri Alen Simonyan artıq görüşlərə start verəcəyini açıqlayıb. O, ilk olaraq İrəvanın “Erebuni” inzibati dairəsindəki gənclərlə bir araya gələcək. Lakin Simonyanla görüşmək istəyənlərin nə qədər olacağı isə hələlik müəmmalı olaraq qalır.
Rafi Müslümov