“Bu gün BRICS-sə bir sıra mütərəqqi dövlətlər maraq göstərirlər. BRICS-in yaradılması hazırda formalaşan yeni dünya nizamında həm də müstəqil xarici siyasət yürüdən dövlətləri özünə cəlb edir, çünki buna inam böyükdür”.
Bu sözləri Yenicag.az-a politoloq İlyas Hüseynov deyib.
Politoloq Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Azərbaycan BRICS-ə qoşulması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, bu struktur həm də müxtəlif eyni düşüncədən və rakursdan yanaşan dövlətləri özündə birləşdirməyi nəzərdən keçirir:
“Bəri başdan da söyləmək lazımdır ki, əslində, BRICS sosial-iqtisadi bir təşkilatdır. Doğrudur, burada geosiyasi motivlər olsa da, BRICS heç də hərbi-siyasi blok deyil. Bəlkə gələcəkdə onun hərbi-siyasi qanadının formalaşması baş verə bilər, lakin hazırda belə məqsədlər yoxdur. Bu gün dünyada olan ədalətsizliyin aradan qaldırılması, fərqli bucaqlardan məsələləri şərh etmək, ayırıcı xətlər çəkmək, beynəlxalq hüququ heçə saymaq, vahid maliyyə sistemi qurmaq və sanksiya paketləri tətbiq etməklə müxtəlif coğrafi əraziləri təsir və nəzarət altında saxlamaq nə qədər qərəzli və riyakar siyasətin nəticəsidirsə, bundan bir o qədər əziyyət çəkən dövlətlər də birləşməyi və buna qarşı öz fikirlərini ifadə etməyi nəzərdən keçirməlidirlər”.
İ.Hüseynov əlavə edib ki, Azərbaycan da müstəqil və balanslı siyasəti yürüdən bir geosiyasi aktor kimi müxtəlif yeniliklərə açıq olan bir dövlətdir:
“Bizim üçün əsas iqtisadi fayda, təhlükəsizlik sisteminin gücləndirilməsi, dövlətlərin səsinin eşidilməsi və bərabər münasibətin sərgilənməsi vacib prioritetdir. Bu baxımdan da Azərbaycan BRICS-ə maraq göstərir. Biz BRICS-in tamhüquqlu üzvü olsaq belə, bu o demək deyil ki, Qərblə münasibətləri arxa plana atacağıq və Qərb bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki bu, səhv bir yanaşma olardı. Ona görə ki Qərblə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq var, eləcə də Avropa İttifaqının bir sıra dövlətləri ilə Azərbaycanın strateji münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycanın əsas müttəfiqi olan Türkiyə də NATO hərbi-siyasi blokunun güc mərkəzlərindən biridir”.
“Ona görə də burada BRICS Azərbaycana nə qədər fayda verə bilər, Azərbaycanın BRICS-dən nə qədər iqtisadi töhfə əldə edəcəyi nəzərdən keçirilir. Əgər bunun bizim üçün bir faydası varsa, burada iştirak etmək niyyətimizi ifadə edirik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də öz çıxışında çox önəmli vurğular etmişdi ki, Azərbaycan BRICS üçün nə qədər əhəmiyyətlidir və BRICS-in özünün fəlsəfəsi və onun dövlətlər üçün yaratdığı bərabər imkanlar nədən ibarətdir. Çünki bu hazırda çox aydın şəkildə sezilməkdədir”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, H.Hacıyev bununla bağlı bəyan edib ki, BRICS qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq nizamın daha ədalətli istiqamətə daşınmasına töhfə verir.
Onun sözlərinə görə, Azərbaycanın BRICS-ə qoşulmaq istəyi ölkənin fəal müstəqil xarici siyasətinin məntiqi davamı olacaq. Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan BRICS-ə əlavə dinamika gətirməyə qadirdir və BRICS-ə üzvlük də Azərbaycanın çoxtərəfli platformada üzv ölkələrlə yaxşı əlaqələrinin davamıdır.
Rafi Müslümov
www.yenicag.az