Zelenskinin çıxışına QƏRİBƏ MÜNASİBƏT – Qərb artıq ona İNANMIR?
“İlk öncə onu qeyd etmək lazımdır ki, BMT Baş Assambleyasının toplantılarında çıxışlar zamanı bəzən zalın dolu, yaxud boş olması o qədər də böyük əhəmiyyət kəsb etmir. Xüsusilə də nəzərə alsaq ki, orada xüsusi diqqət kəsb edən bir çox ölkə başçılarının çıxışları olur və həmin vaxt zalda kifayət qədər nümayəndələr iştirak edirlər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasında çıxışı zamanı zalın boş olması ilə bağlı Rusiya KİV-lərində yayılan informasiyaları şərh edib.
“O ki qaldı Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxış etdiyi vaxta, bu həm bir neçə saat davam edən iclasın nəticəsi olaraq iştirakçıların müəyyən qədər fasiləyə çıxmaları, yaxud istirahət üçün zalı tərk etmələri ilə bağlıdır. Amma önəmli olan zalın dolu, ya da boş olması deyil. Adamların çoxluğu əsas məsələ deyil, əsas olan verilən mesajlar və həmin mesajların yaratdığı əks-səslərdir”, – deyə o, o əlavə edib.
Müsahibimiz düşünür ki, Zelenskinin BMT tribunasındakı çıxışı kifayət qədər aydın mesajlarla zəngin idi və o, bu savaşın mahiyyətini, həmçinin onun dayandırılma yolları ilə bağlı öz mövqeyini sərgilədi:
“Şübhəsiz ki, onun çıxışına münasibətlər heç də birmənalı deyil. Maraqlı məqamlardan biri ABŞ prezidentinin bu çıxışa münasibətidir. Düşünürəm ki, bu münasibət daha çox Tramp və Zelenski arasında keçirilən görüş zamanı ifadə olundu. Qısa görüşdə Tramp həm Ukrayna xalqı, həm də Zelenski haqqında kifayət qədər xoş sözlər söylədi. Bundan başqa, Ukraynanın öz ərazilərini azad edə biləcəyi ilə bağlı imkanların mövcudluğunu diqqətə çatdırdı və Rusiya ilə bağlı sərt ifadələr işlətdi”.
Həmsöhbətimiz hesab edir ki, həm Zelenski-Tramp görüşü, həm də Zelenskinin özü tərəfindən edilən çıxış kifayət qədər konstruktiv bir baxış idi:
“Bundan sonrakı proseslərə gəldikdə isə Rusiya-Ukrayna savaşı tam gücü ilə davam edəcək. Ukrayna mümkün qədər Rusiya hücumlarının qarşısını almağa, ərazilərin işğalına imkan verməməyə və müqaviməti artırmağa çalışacaq. Buna paralel olaraq Rusiya əraziləri də son günlər olduğu kimi PUA hücumlarına məruz qalacaq. Bu savaşla bağlı dünən Tramp-Ərdoğan görüşü zamanı da Trampın söylədiyi fikirlər diqqət çəkdi. O bildirdi ki, Rusiya Ukraynadakı savaşda hər hansı bir uğur əldə edə bilməyib və bu savaş dayanmalıdır. O, həmçinin Putinin davranışları ilə bağlı neqativ fikirlər səsləndirdi”.
“O baxımdan mənə elə gəlir ki, əgər Amerika Birləşmiş Ştatlarının mövqeyində müəyyən dəyişiklik olacaqsa, yəni Rusiyaya qarşı mövqe sərtləşəcəksə, şübhəsiz ki, bu, Ukraynanın paralel olaraq dəstəklənməsini və dəstəyin artırılmasını təmin edəcək. Bu isə Rusiyanın Ukraynada vəziyyətini daha da çətinləşdirəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov