Yeni qurğu işə salınır
Şəkidə Su Elektrik Stansiyasında (SES) istehsal gücünü artıran yeni qurğu işə salınıb.
Şəki SES-da istismara verilən 580 kilovatlıq yeni qurğu stansiyanın illik istehsal gücünü 30-40 faiz artırmağa imkan verəcək. Bölgədə alternativ enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə həyata keçirilən bu pilot layihənin Azərbaycanın digər regionları üçün də təcrübə olacağı gözlənilir.
BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bu stansiyanın tikintisinin böyük layihənin tərkib hissəsi olduğunu dedi. Onun sözlərinə görə, layihənin ümumi büdcəsi 1 milyon yarım dollardır. Amma təkcə bu stansiyanın avadanlığına 510 min dollar xərclənib.
Şəki Su Elekrtik Stansiyasının istehsal gücünün artırılması layihəsi Avropa İttifaqı və Norveç hökumətinin maliyyə dəstəyi ilə icra olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard qeyd etdi ki, Avropa birliyi ilə Azərbaycan arasında enerjinin inkişafı barəsində strateji partnyorluq haqqında razılaşma var. Onlar bu layihəyə 5 min yevro qoyduqlarını və əməkdaşlığı davam etdirərək Şəkidəki digər layihələri də dəstəklədiklərini bir daha vurğuladı.
Şəkidə alternativ enerji mənbələri hesabına istehsal olunan istilik və elektrik enerjisinin həcminin 70 Meqavata çatdırılacağı nəzərdə tutulub. Kiş çayı üzərində yerləşən bu stansiyada Çin şirkətləri tərəfindən quraşdırılan yeni qurğular hesabına 1 300 kilovat enerji istehsal olunacaq.
Mütəxəssislər isə Azərbaycanda 300 belə su elektrik stansiyasının yaradılmasını mümkün sayır.