“Uşaqlıqda ailələri tərəfindən basqı görən şəxslər bir müddət sonra yetişkin bir fərd olduqda özgüvənlə bağlı ciddi problemlər yaşaya bilirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yeniyetmə və gənclər arasında yaşanan özünə inam problemi və onun mümkün həll yolları haqda danışan psixoloq Vəfa Rəşidova deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi də birmənalı olaraq ailədən gəlir.
“Özgüvənsiz olan insanlar uşaqlıqda travma alan, susdurulan, şiddət görən, ailədə söz azadlığı olmayan insanlardır. Uşaqlıqda ailələri tərəfindən basqı görən şəxslər bir müddət sonra yetişkin bir fərd olduqda özgüvənlə bağlı ciddi problemlər yaşaya bilirlər. Bunun əsas səbəbi də birmənalı olaraq ailədən gəlir. Övlada şiddət, emosional basqı göstərən valideynlər, məktəbdə şagirdlərin məruz qaldığı bullinq və digər hadisələr özgüvənsizliyi yaradan amillərdəndir. Bu gün tam özgüvənli olan insan tapmaq çox çətindir. Lakin hər bir insan özgüvənli olmaması üzərində qalib gələ bilər”, – deyə o əlavə edib.
Psixoloq qeyd edir ki, bu gün cəmiyyətdə əksər insanlar özgüvənsiz vəziyyətdə yaşayır:
““Psixoloqa getmək nə işə yarayır?”, “O kimdir ki?” deyərək, mütəxəssisə müraciət etmək istəmirlər. İnsanlar mütəxəssisə müraciət edərək özgüvən problemlərini aşmalıdırlar ki, sonradan başqa problemlər də yaşamasınlar. Özgüvən problemi insanlarda sonradan yeni problemlərə yol açır. Fərdlər bunun fərqində olsalar, dərhal bu problemin düzəlməsində hərəkətə keçərlər”.
Mütəxəssis əlavə edib ki, bu gün nəinki uşaqların hətta onların valideynlərinin əksəriyyətinin özgüvəni yoxdur:
“Valideynlər övladlarını hələ uşaqlıq dövründən “sən bilməzsən”, “sən bacarmazsan” deyərək, onları məhv edirlər. Lakin onlara ifrat özgüvən vermək də düzgün deyil. Həddən artıq özgüvəndən də elə problemlər yaşana bilir ki, onu sonradan düzəltmək qeyri-mümkün olur. Özgüvən ortada, insanın öz boyunda, yəni özündən nə böyük, nə də kiçik olmamalıdır. Cəmiyyətə normal fərd yetişdirmək lazımdır ki, həmin şəxslərdə nə özgüvən problemi, nədə eqo olsun. Özgüvən məsələsinə valideynlər xüsusi diqqətlə yanaşmalıdır. Bu gün nəinki uşaqların hətta onların valideynlərinin əksəriyyətinin özgüvəni yoxdur. Bu onların övladlarına da yansıyır. Mən “Sən edə bilməzsən”, “bacarmazsan”, “sən kimsən, “sus”, “səndən adam olmaz” kimi ifadələr işlədilməsini onları bir növ yaşayarkən öldürməyə bənzədirəm. Yəni, özgüvənsiz insan diri-diri torpağa basdırılmış insana bənzəyir”.
İsmayıl Bakuvi
www.yenicag.az