Yerli çempionatda TRANSFER HƏYƏCANI: “Qarabağ” yerli statusda olan qapıçı axtarır

 

“Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a layiq bir qolkiper olduğunu düşünmürəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şahruddin Məmmədəliyevin “Qarabağ”a qayıdışı və Ramil Şeydayevin “Neftçi”yə transferi haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, Şahruddin Məhəmmədəliyevin səviyyəsinin çox aşağı olması, yol verdiyi saysız-hesabsız səhvlərlə komandaya, həmçinin də Azərbaycan futboluna vurduğu zərbələri unutmamışıq:

“Belə demək olarsa, “yaralarımız hələ təzədir”. Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a layiq bir qolkiper olduğunu düşünmürəm. O, ən yaxşı halda, Premyer Liqanın autsayderlərindən birinin qapısını qorumağa layiqdir. Sadəcə, indi bir az fərqli durum yaranıb. Ehtiyat qapıçı Amin Ramazanovun zədələnib, uzun müddətə sıradan çıxmasından sonra “Qarabağ”da yerli qapıçı problemi yaranıb. Ehtiyatdan gətirilən Sadiq Məmmədzadə gəncdir, onunla bu böyüklükdə yola çıxmaq riskdir. Ona görə də klub yerli statusda olan bir qapıçı axtarır və prinsip etibarilə Şahruddin bu baxımdan normal seçim kimi qəbul edilə bilər. Onu sırf ehtiyat qapıçı kimi gətirəcəklərsə və Buntiçdən başqa daha bir legioner qolkiper transfer edəcəklərsə, Məhəmmədəliyevin keçidinə normal yanaşmaq olar. Əks halda, “köhnə hamam, köhnə tas” olacaq və tənqidlərin dərəcəsi daha da qalxacaq. Klub bu addımla riskə gedir”.

Mütəxəssis Ramil Şeydayevin “Neftçi”yə transfer olmasından da söz açıb:

“Şeydayevə gəlincə, Ramil yaxşı məşqçi əlinə düşəndə özünü yaxşı tərəfdən göstərə bilir və bunu “Qarabağ”da görmüşük. Roman Qriqorçuk çox yaxşı, təcrübəli mütəxəssisdir və bu hücumçudan çox səmərə götürə bilər. Bütün yük məhz məşqçinin üzərinə düşəcək. O, Ramildən nəsə “düzəldə” bilsə, onda “köhnə” Ramili görə biləcəyik. Bunun baş vermə ehtimalı az deyil. Çünki “Neftçi” çempionata iddialı qatılır. Bunun üçün yaxşı legionerlər gətirib, komandanı gücləndirmək niyyətindədir. Belə olan halda, Şeydayev də öz gücünü daha yaxşı göstərə biləcək”.

İsmayıl Bakuvi

COP29