“Dil bir millətin şərəfidir” - Şamil Ayrım
“Uzun illər kommunizmin təzyiqi altında dili və inancı unudulmağa çalışılan Türk dünyası bu gün böyük bir oyanış yaşayır”.
Bunu Yenicag.az-a açıqlamasında “Dünya Türk Dili Ailəsi Günü” münasibətilə təşkil olunan AK Partiya Türk Dünyası Vizyon Sənədinin Təqdimat Proqramı tədbirində iştirak edən Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri, Millət vəkili Şamil Ayrım deyib.
O, son dövrlərdə Türk Dövlətləri Təşkilatının (TDT) toplantıları və bu toplantılarda qəbul edilən qərarların Türk dünyasında çox ciddi canlanma yaratdığını bildirib.
“AK Parti olaraq Türk dünyası ilə bağlı həyata keçirdiyimiz Türk Dünyası Vizyon Sənədinin təqdimat proqramı çərçivəsində Türk dünyasının bir çox dəyərli nümayəndələrini, siyasətçiləri, jurnalistləri, universitet müəllimlərini bir araya gətirdik. Bu, əslində mühüm başlanğıcdır.”
“Dil olmadan millət olmaz. Böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi, dil bir millətin şərəfidir. Əgər biz dilimizə sahib çıxmasaq, nə köklərimizə, nə də mədəniyyətimizə sahib çıxa bilərik.
Bu toplantı Türk dünyasının birlik və həmrəyliyinin nə qədər vacib olduğunu bir daha ortaya qoyur və böyük xidmətlərə yol açır. Bundan sonra belə toplantıları daha tez-tez keçirməliyik. Bizim yalnız bir məqsədimiz var və itirəcək vaxtımız yoxdur.
Uzun illər kommunizmin təzyiqi altında dili və inancı unudulmağa çalışılan Türk dünyası bu gün böyük bir oyanış yaşayır. Hər şey daha da yaxşı olacaq. Türk dünyası dil birliyi və əməkdaşlıq sayəsində regionun parlayan ulduzuna çevriləcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












