"Türk dilində olan güc başqa dildə YOXDUR” - İlber Ortaylıdan "Yeni Çağ"a ÖZƏL AÇIQLAMA
“Türk dili ailəsi həqiqətən də Çin içərilərindən Tuna boylarına qədər geniş bir coğrafiyada yayılmışdır”.
Bunu Yenicag.az-a açıqlamasında tarixçi və yazar Prof. Dr. İlber Ortaylı deyib.

O, bildirib ki, hazırda türk dilləri təbii mənbə baxımından, yəni əhalinin ana dili (nativ dil) kimi istifadə etdiyi dillər olaraq, coğrafi genişlik etibarilə dünyada ən zəngin bölgəni təşkil edir.
“İngilis və ispan dillərini misal çəkə bilərsiniz. İngilis dili, əsasən ingilis olmayan, anqlosakson mənşəli olmayan xalqlar tərəfindən, boş qitələrin ağdərililərə açılması nəticəsində yayılmışdır. Və ya Hindistan kimi bu gün dünyanın ən çox əhalisi olan ölkəsində yerli dillərlə yanaşı mövcud olub, daha çox lingua franca, yəni anlaşma dili kimi istifadə edildiyi üçün özünəməxsus çatışmazlıqlara malikdir.
İspan dili isə şübhəsiz ki, Portuqal dili ilə birlikdə Cənubi Amerikada geniş bir ərazidə, bəzi ada qruplarında və İberiya yarımadasında yayılan bir dil qrupudur. Bununla belə, türk dili ailəsi həqiqətən də Çin içərilərindən Tuna boylarına qədər geniş bir coğrafiyada yayılmışdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












