“… yeyilən bütün pulları mədələrindən geri qaytaracaqlar”
Millət vəkili Fazil Mustafa Binəqədi rayonunda yağışdan sonra yaranan acınacaqlı vəziyyətə sərt münasibət bildirib.
Yenicag.az xəbər verir ki, dünən gecədən yağan yağış sözügedən rayonda həyatı iflic edib. İnsanların yollarda qaldığı bildirilir. Problemi görən millət vəkili Fazil Mustafa öz facebook hesabında bunu kəskin tənqid edib.
“Binəqədidən Məmmədəmin Rəsulzadə qəsəbəsinə gələn yolda yağış nəticəsində yaranan bir neçə kilometrlik üzgüçülük hovuzunda çox sayda Rusiya istehsalı maşınlar qalmışdı.
Sürücülər hətta yerə düşə bilmirdilər, çünki su maşının içinə dolurdu. Bəlkə də belə bir rəmzi məna çıxarmaq olar ki, Rusiya istehsalı olan düşüncə və anlayışlar da əvvəl-axır yollarda qalacaqdır.
Ancaq belə yolları bu millətə rəva görənlər, insanlarımıza bu qədər mədəyə ötürülən vəsaitlə alt yapısız belə bir yolu sırıyanlar hamımızı yarı yolda qoyacaqlar. Bir günlük yağış yağması nəticəsində gölə çevrilən bu cür yolları bu məzlum vətəndaşa sırıyanları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazım. O zaman yeyilən bütün pulları mədələrindən geri qaytaracaqlar.
Yağış da, qar da təbiətin gözəllikləridir, gör nə vəziyyətdəyik ki, yağış, qar yağanda küçələrdə necə yeriyəcəyimizi, necə maşın sürəcəyimizi düşünürük. Allah bizləri islah etsin!”