Bakıda əhalinin sıx olduğu yerlərin əksəriyyətində vətəndaşlar piyadalar üçün nəzərdə tutulmuş səkilərin küçə ticarəti ilə məşğul olanlar tərəfindən zəbt edilməsindən narazıdırlar. Onlar, əsasən, Bakıda 20 Yanvar dairəsinə yaxın ərazidə belə hallarla qarşılaşdıqlarını, hərəkət etmələri üçün bir-birlərini ya itələdiklərini, ya da tapdaladıqlarını bildirirlər.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Yenicag.az-a açıqlamasında polis əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlərin həyata keçirildiyini bildirib:
“Polis əməkdaşları tərəfindən paytaxt Bakı ilə yanaşı respublikanın bütün bölgələrində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilir. Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlandığı təqdirdə polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparır. Müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyi onların diqqətinə çatdırılır.
Bundan əlavə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunur. Qeyd etdiyiniz əraziyə də polis əməkdaşları tərəfindən baxış keçiriləcək və neqativ hal aşkarlanarsa, dərhal aradan qaldırılacaq”.
Sadiq Cavadov
www.yenicag.az