!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yumruq kölgəsində Müəllimlər Günü - Aqil Bəkir yazır

!Reklam – Yazi

Mustafa Kamal Atatürk deyib ki, toplumun düşməni cəhalət, cəhalətin düşməni isə müəllimdir. 5 oktyabr da cəhalətlə mübarizə aparanların – müəllimlərin günüdür.

Müəllimlər Günündə onlara ən gözəl hədiyyə isə bu peşə sahiblərini narahat edən məsələlərin qabardılması olar.

Ötən illərə baxdığımız zaman ölkədə müəyyən dairələr tərəfindən müəllimlərin etibarsızlaşdırılması siyasətinin yürüdüldüyünü görürük. Bu “müəyyən dairələr”in başında isə təbii ki, elm və təhsil naziri Emin Əmrullayev gəlir. Sanki nazirin hər çıxışı cəmiyyətin gözündə müəllimin alçaldılmasına hesablanıb. Məhz onun çıxışından sonra “şafdalı” yaza bilməyən müəllimlərin güdazına bu məsləyi şərəfilə yerinə yetirən şəxslər də rişxənd obyekti edildi. Təhsilin başı bunu edəndən sonra, sizcə, sadə vətəndaş müəllimə hörmət qoyar?

Bəli, qoyar. Çünki müxtəlif çirkli işlər görən, insani keyfiyyətlərdən uzaq, rüşvət, korrupsiya bataqlığına qərq olmuş şəxsləri axı bu millət müəllim deyə göylərə qaldırır!? Alın sizə ikinci zərbə! Şərəf və qeyrətini pula satmış şəxslərə müəllim deyən toplum, əslində, həmin kəsi yüksəltmir, müəllim adını alçaldır.

Mən bunu əyri oturub yazıram, siz isə düz oxuyarsınız.

Müəllim məktəbdən aldığı maaşla yaşaya bilməyəcəyini, bir ailə dolandırmağın mümkünsüz olduğunu bildiyi üçün məcburdur ki, hazırlıq keçsin, ya da məktəbdən sonra hansısa kursda işləsin. Düzdür, biz şagird olanda elə bilirdik ki, müəllimlər heç nə yemir, içmir, amma bizim bu təsəvvürümüzü reallığa daşıyıb onların evlərinə bir tikə çörək aparmasını təmin etməmək nə deməkdir? Belə bir işin müqabilində verilən pula görə utanılmalıdır.

Üstəlik, məktəblərdə at oynadan direktorlar da müəllimin gününü qara edib. Son ay ərzində iki belə hadisənin ictimailəşməsi bunu sübut edir.

Bir də axı şagirdlər var. Hər biri fərqli yerdən gələn, müxtəlif cür tərbiyə görmüş və ya görməmiş şagirdlər.

Siz hamınız, mən isə tək!

Müəllimin durumu bax budur. Yeni sistem müəllimin fəaliyyətsizliyilə yanaşı, illərdən bəri gələn müəllimə hörmət ənənəsini də yox edir.

Son olaraq, 112 nömrəli məktəbdə yaşanan “yumruqlama” olayı. Bəziləri yenə müəllimin üstünə düşüb ki, bəs niyə nəzarət etmir. Sadə cavabı var: Müəllim o uşaqları görüb müdaxilə etsəydi, bu gün valideynlər həmin şəxsin üzərinə düşərək onu günahkar çıxartmağa hazırlaşırdılar. Hələ olayda müəllimin heç bir rolu yoxkən belə adı hallanırsa, görün müdaxilə olsaydı, nələr baş verə bilərdi.

Hər yazımın sonunda bir ümid var. Burada isə ona ümid edirəm ki, bir gün müəllimlərimiz həm maddi, həm mənəvi cəhətdən lazımi dəyəri görəcəklər.

Gününüz mübarək, müəllimlər!

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv