Zahid Oruc: Amerika Qafqazdan gedir

img1761871

Demokratiya dəyərlərin ixracından daha çox iqtisadi-siyasi maraqların alətinə dönəndə təhlükəyə çevrilir. Bunu hazırki hərbi toqquşmalarla yanaşı,yaxın keçmişimizin acı təcrübələri də sübut edir.

70 il ərzində Sovetlər Birliyinə qarşı aparılan təxribatların və diversiyaların əsas hərəkətverici qüvvəsi olan Amerika Mərkəzi Kəşfiyyat İdarəsi ötən əsrin sonlarına doğru-əslində imperiyanın çöküşünə az qalmış prezident Ronald Reyqandan belə bir tapşırıq alır:”düşmənin- yəni,kommunistlərin cəbhəsində ən təsirli zərbə üçün baza hazırlamaq və onun gerçəkləşdirilməsinə gərəkən maliyyə resurslarını ayırmaq tələb olunur! Beləcə Amerika rəhbərinin “şər qüvvə” adlandırdığı güclü rəqibinin iflasını doğuracaq və Leninin təbiri ilə desək,onun qəbirqazanına çevriləcək vətəndaş cəmiyyətləri institutları kütləvi mübarizənin ön cəbhəsinə çıxır. Yəqin, “Solidarnost”, Xartiya-77 və digər təşkilatlar haqqındakı əsatirlərin də məhz o zamana düşdüyünü xatırlatmaq yerinə düşərdi.

Dünyaya səs salmış DTK-nın arxa bağçasında yaradılan belə təsisatlar qısa bir zaman kəsiyində gözə görünməyən cəbhənin əldə etdiyi uğurlardan daha böyük nəticələr qazanırlar. Özü də xəfiyyə strukturlarının pozuculuq fəaliyyətinin ifşa olunduğu şəraitdə razılaşaq ki, belə açıq, hamının gözü qarşısındakı casusuluq xidməti, azadlıq üçün canından keçməyə hazır olan mücahidlərin- demokratiya eskadronlarının həyata keçirdiyi inqilablar 20-ci əsrin yekun siyasi mənzərəsini dəyişməyə bilməzdi.
Artiq “hədəf ölkə”yə hərbi qüvvələrini yeritməklə deyil, ondan qat-qat ucuz başa gələn layihələrlə istənilən asi siyasi rejimi yerində oturtmağa,daha doğrusu, onu taxt-tacdan salaraq itaətkar biriləri ilə əvəzləməyə nail olurdular.Beləcə demokratiyanın 4-cü dalğası Panamaya, Qvatelamaya,yaxud da bütün tarix boyu sabit dövlətçilik axtarışlarında olan ərəb ölkələrinə tanklardan və toplardan qabaq yetişdi. NED, MDİ, Fredoom Hous və sair kimi cazibədar abreviaturalar arxasında irəliləyən insan haqları və siyasi hüquqların genişlənməsi nəzəriyyələri indi az qala MKİ-nin özünü meydandan sıxışdırıb çıxarmaq gücündədir. Halbuki təkcə avtoritar hakimiyyətlər üçün deyil, eləcə də Avropada müstəqil qərar verməyi bacaran Orbanı, Berluskonini,yaxud rusların atom enerjisindən bəhrələnmək istəyən bolqar liderini qorxudan kabus-demokratiya fondları kəşfiyyat strukturlarının ayrılmaz bir qoludur və bunu 2004-cü ildə etiraf edən Corc Buş Konqresə müraciətində hərbi xərclərdən daha çox 3-cü sektora yetərli maliyyə yardımı istəmişdi.Ona görə dövlətin gizli və aşkar fəaliyyətinin harda başlayıb-qurtardığını ən qatı konspiroloqlar da faş edə bilmir.Bir də axı necə pisləyəsən-məgər bütün informasiya məkanı onların işğalı altında deyil?

180 min hərbi qüvvəni ağır coğrafi relyeflərə, Hindiquş dağlarının ətəyinə göndərməkdənsə, istənilən dövlətinin idaəretmə institutlarını sındırmaq və məhv etmək orduların qoruduğu millətləri başsız qoymağın daha əlverişli yolu deyilmi?

AMERİKA AZƏRBAYCANDA NİYƏ DAYAQLARINI VƏ NÜFUZUNU İTİRİR?

Cənubi Qafqazın geopolitikasının çoxdan dəyişib. Ənənəvi qüvvələrin sıxışdırıb çıxarılmasının hansı üsullarla baş verdiyini isə Vaşinqton və Bakıda yaxşı bilirlər.
Əslində 90-cı illərdə Rusiyanın tarixi gücünün sarsıdılmasına çox da böyük qüvvə sərf etməyə ehtiyac qalmadı. Zəif dövlətçiliyə və Qərbdən gələn texnoloji-maliyyə asılılığına görə müstəqil ölkələrin hamısı, o cümlədən, Sovetlər Bilriyinin son varisi təkcə nəhəng hərbi resurslara və nüvə arsenalına deyil, həmçinin böyük bir coğrafiyada ən azı 200 ilin cinayətlərinin cavabdehliyinə məruz qaldı. O vaxtlar Azərbaycan üçün əldə olunmuş müstəqiliyyin itirilməsinə real təhlükələr olmasaydı belə,ruslardan tarixin hesabını soracaq milyonlarla millətçi azərbaycanlı meydana çıxmışdı. Keçmişi ilə üzləşmək bu dəfə də ruslara baha başa gəldi. Regionda möhkəmlənmək istəyən qüvvələr fürsəti əldən vermədilər.
Beləliklə, ABŞ mühüm bir Qafqaz ökəsində güclü neft platformalarından qabaq insanlarına qafasında,keçmişi ilə gələcəyi arasında seçim edən toplumların məfkurəsində möhkəmləndi. Lakin 2008-ci ilə qədər bütün ziddiyyətlərə və çirkli məqsədlərlə maraqlarını sürdürmək tendensiyalarına baxmayaraq, bölgədə simpatiya alternativsiz olaraq Vaşinqtonun tərəfində idi.Barak Obamanın “xaricdə yaxşı oynayan” Buş hakimiyyətini əvəzləməsi ona miras qalan uğurlu tərəfdaşlıq və iqtisadi-siyasi ortaqlıq xəttindən də geri çəkilməklə yekunlaşdı.
”Demokratlar” qafqazlardan Saakaşvli ilə barəbər çıxdılar və əllərində olan yüksəklikləri təhvil verərək yeni qitələrə-Obamanı özününkü sayan müsəlman aləminə yönəldilər. Amma assimetrik müharibələr həqiqətən çətin olurmuş. Bir neçə cəbhədə vuruşmaq 610 milyard dollarlıq hərbi büdcəyə malik Birləşmiş Ştatlar üçün gerçəkdən asan olmadı.
İndi mötəbər sosioloji sorğuların nəticələrində hətta ən yetkin siyasi vətəndaş belə Amerikanı Yaxın Şərqdəki xaosla eyni assosiasiyada dərk edir.Tərəfdarlarının itirilməsinin nəticəsi və antiamerikanizm əhvalının genişlənməsi öz növbəsində bölgədə revanş götürmək istəyənlərin işinə daha çox yarayır.
Gündəlik medianın manşetlərində antiQərb çağırışlarının yer alması da dediklərimizə sübutdur.Qafqazda yenidən qüvvələr nisbətinin dəyişməsi prosesi gedir.

CON KERRİNİ QORBAÇOVDAN NECƏ AYIRMALI?

Azərbaycan insanı üçün Qarabağı Ermənistana birləşdirmək istəyən sovet rəhbərləri ilə müasir amerikalı hakim sinfinin bir çox təmsilçilərinin elə bir fərqi yoxdur. Ona görə iki xalqın qovğasında tərəfsizliyə iddia edən hər bir Amerika siyasətçisi Qafqazda siyasətinin irəliləməsində ən əhəmiyyətli unutmamalıdırlar. Təməl prinsipi çox sadədəir-Qarabağ məsələsinə münasibətini göstər,deyim sən kimsən!
Razılaşın ki,Con Kerrinin 45 illik siyasi tərcümeyi-halının kiçik bir hissəsini təşkil edən məlum petisiyalar,sovet Baş katibinə bəlkə də Birləşmiş Ştatların təkbaşına ağalığı üçün,sırf vahid liderlik duyğusundan irəli gəlib. Lakin 4 aydır dövriyyədə olan bu tarixçəyə Departamentin hətta növbətçi sözçüsü tərəfindən belə əsaslı reaksiya verilməyib. Elə isə qəddar yaddaşı işə salmağa nə ehtiyac var-qarşındakı liderlər Qorbaçovdan fərqlənmək istəmirsə, onda Ermənistan-Azərbaycan prezidentlərini danışıqlar masasına oturmağa təkid etməklə münaqişəni inhisarına ala,regionda sülhün təminatçısı statusunu qazana bilməzsən!

“KERRİ PLANI” NİYƏ BELƏ ƏKS-SƏDA DOĞURDU?

Avropaya gedən siyasilər tez-tez rus casuslarının neft-qaz mənsəblərində-bəzən İtaliyada, yaxud Yunanıstanda əleyhimizə güclü təbliğat apardıqlarını deyirlər. Yəni, vaxtilə alman faşistlərinin mundirini geyinmiş və Xatını törətmiş milli canilər kimi.Ona görə bəzən Deutçe Villedən,sonra Afinada köhnə müqavilələri pozan SİRİZA hökumətinin kabinetlərindən “doğma uniformalı” çekistlərin çıxdığını deyəndə qətiyyən adama təəccüblü gəlmir. Bu maraqları təmin etmək sənətinin pozulmaz qanunudur.
Amerika dövlətinin ikinci şəxsinin adı ilə yayılan sənədi Edvard Snoudenin deşifrə etdiyini və burada bizim aramızı vurub siyasi elitaları dalaşdırmağa çalışdığını söyləməyə elə bir əsasımız yoxdur. Müstəqillik illərində gördüyümüz müxtəlif işğal siyasətlərindən,maraq zonaları uğrundakı savaşlardan fərqli olaraq indiki sənəd dövlətin, onun kəşfiyyat strukturlarının birgə süzgəcindən keçərək icraya yönəldilmiş “kiçik Marşal planı”na bənzəyir. Onun cəmiyyət üçün açıq olan paraqrafları ilə yanaşı, populizmdən uzaq olan bir mühüm dövlət adamının dediyi kimi, “bilsəniz,dəhşətə gələrsiniz ” hissəli qovluqları da mövcuddur. Görünür, Azərbaycan dövlətinin müxtəlif diplomatik kommunikasiyaları məsələni bağlı qapılar arxasında həll edə bilmədiyindən,problem ictimai xarakter alıb və xalqı böyük siyasi təlatümlər barəsində xəbərdar etmək son varianta çevrilib. Belədə sadə vətəndaş hansı nəticəni çıxarmalıdır?
Əlbəttə, söhbət terror və ya inqilab hazırlıqlarından getmir. İstənilən Qərb ölkəsində strateji layihələndirməyə, yaxud, praqmatik mənafeləri gerçəkləşdirməyə cavadeh olan siyasətlçilər,beyin mərkəzləri və ideya mühəndisləri Azərbaycanda hazırkı hakimiyyətin alternativinin məhz xaos olduğunu yaxşı bilirlər.
Elə isə, demokratların son illər rəsmi Bakıya dair qəzəbli qərarına səbəb nə olmuşdur?
Burada geopolitikanın izlərini axtarmaq lüzumsuzdur. Çünki Rusiyanın əleyhinə ittifaqda yer almamaq nə Ukraynanın, nə də Qərbin taleyinin bu tandemdə həll olunması üçün bizdən gözlənilən dəstəyin itirilməsi anlamına gələ bilməz.
Ancaq deyəsən,vaxtilə Jak Jirakın uzaqgörənliklə söylədikləri təkrar olunur-Amerikanın milli-əslində transmilli fondlarını ölkəsindən qovan hakimiyyətlər dinc qoyula bilməz! Hökm aydındır-səfirlərin arzuolunmaz şəxsə çevrilməsindən daha təhlükəlisi qara siyahıya saldığın inqilab fondlarıdır ki, indi Azərbaycan bunun hesabını artıqlaması ilə ödəyir.

AZƏRBAYCAN XARİCİ SİYASƏTİNİ DƏYİŞİBMİ?
Ukraynanın hansı kursu seçməli olduğunu maraqla və həm də öz dərilərində hiss edərək yaşayan keçmiş sovet xalqlarının hamısı o qənaətə gəlib ki,Baltikyanı ölkələri çıxmaq şərtilə başqalarını birmənalı seçimə vadar etmək cinayətdir.Bunu Latviyanın keçmiş prezidenti Vayra Freyberqa da iki gün öncə Bakıda səmimiyyətlə etiraf etdi. Müxtəlif resurslara, coğrafiyalara, milli-etnik quruluşlara malik olan dövlətlərə vahid xarici siyasət hədəfi göstərmək çox yanlışdır.Əks halda,faciə qaçılmaz olacaq.
Balanslı siyasətə məhkum olsa da coğrafiyası ilə toqquşmaya qərar vermş slavyan qardaşları ilə müqayisədə tarazlıq kursunu çox çətinliklə qoruyan Azərbaycan təhlükəsizliyinin yeganə zəmanətini əldən vermək istəmir. Elə isə Amerika demokratları regional dayaqlarından özlərini məhrum edib gələcək prezidentlərə hansı mirası qoyub gedib gedirlər?

DEMOKRATİYA BÖHRANINI KİM YARADIR?

Uzun müddət bütün fəlakətlərdən çıxmağın yeganə açarı kimi təklif olunan Qərb siyasi modeli,üsul-idarəsi və dövlət-vətəndaş münasibətləri ixrac üçün xüsusi imtiyaz qazanmışdı. Ancaq əhalisinin 2 milyon nəfərini itirmiş İrak üçün demokratiya xaosun necə alternativi kimi çıxış edə bilər? Ona görə bir ovuc imtiyazlı kasta üzərində siyasət qurub milllətlərə və onların təhlükəsizliyinə istinad etməmək Vaşinqtonda, Brüsseldə və Berlində qərar qəbul edən məmurların başlıca səhvidir.1.5 milyona qədər köçkünü Türkiyəyə sığınmış bir ölkədən qaçan azsaylı qaçqınlarını gəmilərdə batırmaq qərarını vermək,yaxud vaxtilə baraklarda saxlanan yaponların gününə qoymaq istənilən inqilaba namizəd ölkə üçün mühüm siqnaldır.Halbuki miqrantlar diktatorlardan deyil, xaosdan başlarını götürüb qaçırlar.

AMERİKA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN GƏLƏCƏYİ NECƏ OLACAQ?

Oyun sözü azərbaycanlıların dilində ikimənalıdır.Avropa yarışlarına qarşı Amerika oyunları necə də olmasa çoxlarını diksindirir. Sizcə sovet keçmişi ilə vidalaşmağa çalışan, bütün kommunistlərin mirasını çox asanlıqla ayaqları altına atanların zəkalarını,qələmlərini və bütün yaradıcı qüvvələrini verdikləri amerikapərəstliyin indi Qafqazda daralan meydanı sizcə “Ukrayna maydanı” ilə müqayisədə çoxmu əhəmiyyətsizdir? Yəni,Rusiyanı məğlub etmək üçün Qafqazı atıb getmək və ona Qara dənizdən zərbə vurmaq istəyənlərin bir gün Xəzərdə Putinlə görüşməyəcəyinə heç kəs zəmanət verə bilməz.

Amerika regiondan səssiz-səmirsiz çıxıb gedir. Yoxsa, Azərbaycanı itirməyə başqa nə ad qoymaq olar? Əks halda diplomatik kanallar adekvat işlək qabiliyyətlərini itirməyibsə,məhşur Vikiliksdəki xüsusi təsvirləri bir kənara buraxıb,kanonlarla düşünməyə deyil, gerçək informasiyaları rəhbərlərinə çatdırmağı düşünməlidirlər.Yəqin,son sətirləri təbəssümlə qarşılayanlar da olacaq. Yəni, Kerrinin masası üzərində minlərlə kəşfiyyat məlumatı yoxdurmu? Olsun. Lakin təəssüf, axırıncı dəfə “qızılgül inqilabı” ilə Gürcüstanı fəth edən və gürcü havasına ingiliscə oynayan Corc Buşdan fərqli olaraq Obamanın komandası regionu yaxşı tanımır.Xanım Klintonun o zamankı gəlişini cəbhədə atəşkəsi pozmaqla qarşılayanların isə nə demək isdədikləri hamıya bəllidir.Heç kəs Qafqazda Amerika prezidentini gözləmir. Çünki dünyada indi o qədər qlobal problem var ki.
Bununla bərabər, Azərbaycanın iki xristian qonşusundan fərqli olaraq regionun taleyində həlledici rol oynadığını unutmaq olmaz. Hər halda bahalı dövlət olmağın hesabı hamı üçün ağırdır.

Bizim meydanda gedən yarışların qalibi kimi pyedestalın birinci pilləsinə çıxmağa yalnız bir şərt tələb olunur-ədalətlə oynamaq,qaydaları tanımaq və müttəfiqlik prisiplərinə əməl etmək.Yoxsa,milyonların cəsədləri üzərindəki liderlik ölüm səltənətlərinin şahlığna çevriləcək!