Zəfər paradından təsirlənən Mənsum İbrahimov: “Qardaşımın şəhid balasının ruhu şaddır”

“Bu gün xalqımız, ölkəmiz üçün müstəsna, tarixi bir gündür. Ali baş komandanımızın rəhbərliyi ilə Azadlıq meydanımızda Zəfər paradı başlayıb. Müzəffər ordumuz 44 gün ərzində Qarabağda sözün əsl mənasında bir qəhrəmanlıq dastanı yazdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov paytaxt Bakıda keçirilən Zəfər paradı ilə bağlı təəssüratlarını paylaşarkən deyib.

Xanəndə şəhidlərin qarşısında baş əydiyini deyərək, xalqımızı təbrik edib:

“Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq 44 günlük müharibədə Ermənistanı məğlub edərək işğal altındakı ərazilərini azad etməsi təkcə ölkəmizin tarixində deyil, dünya hərb tarixində də mühüm səhifədir. Bu gün o səhifəni qanı ilə yazan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. 30 illik həsrətini çəkdiyimiz o torpaqlarımız artıq düqmən işğalından azad olunub. Ali baş komandanımızın dediyi kimi, bu gün Qarabağ Azərbaycandır. Ali baş komandanımızı, müzəffər Ordumuzu, dünya azərbaycanlılarını təbrik edirəm, “gözünüz aydın” deyirəm. Azərbaycan bütün dünyada bir millət kimi özünü sübut etdi. Qardaş Türkiyə Cümhuriyyətinə, başda Rəcəb Tayyib Ərdoğan olmaqla bütün türk dünyasına gözaydınlığı verirəm. Savaşın ilk günündən sonuna qədər bir qardaş kimi yanımızda, arxamızda oldular. Necə ki, Ulu önərimiz deyirdi ki, bir millət, iki dövlət.
Qardaşımın oğlu da bu müharibədə şəhid oldu, onun da ruhu indi şaddır. Bu gün qalib xalqımı təbrik edirəm. Artıq torpağımızın sahibiyik. Necə ki, xalqımız Ali baş komandamızın ətrafında yumruq kimi birləşdi, onun sayəsində Qələbəyə nail olduq, Allah bu birliyimizi qorusun. Gözün aydın Azərbaycan, zəfərimiz mübarək olsun!”

Cəvahir