Zelenskinin legitimliyi MÜZAKİRƏDƏ: Prezident vəzifədən GEDİR?
“Yaxın günlərdə Ukraynada seçkilərin keçirilməsi məsələsi gündəmə gələ bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Analitik Ukrayna hökumətinin istefasını dəyərləndirərək növbəti prosesi şərh edib:
“Ukraynada hökumətin istefaya göndərilməsi bir müddətdir müzakirə olunan və Zelenskinin müharibə dövründə seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı məsələni gündəmə gətirməsinin nəticəsidir. Çünki biz uzun müddətdir ki, istər Rusiya, istər ABŞ tərəfindən Zelenskinin hakimiyyətinin legitimliyi məsələsini müzakirəyə çıxarılmasının şahidi olmuşduq. Bu həm danışıqlar prosesində kifayət qədər mənfi təsiri olan hadisələrdən birinə çevrilib, digər tərəfdən isə onun hakimiyyətinin legitimliyinin sorğulanması Ukraynaya münasibətdə də müəyyən mənada mövqelərin birmənalı şəkildə ifadə edilməməsi səbəblərindən biri kimi də təqdim oluna bilir və bu dövlətlər arasında da davamlı olaraq müzakirə edilən məsələlərdən biridir”.
Politoloq Ukraynada yaxın zamanda seçkilərin keçirilməsinin mümkün olduğunu diqqətə çatdırıb:
“Düşünürəm ki, yaxın günlərdə Ukraynada seçkilərin keçirilməsi məsələsi də gündəmə gələ bilər, amma Zelenskiyə alternativlərin düşünülməsi və ya birbaşa olaraq seçkilərə gedilməsi davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın mövqeyini daha da zəiflədə bilər. Tarixi təcrübə onu göstərir ki, hər hansı bir rəsminin, nazirin və ya dövlət qurumunda təmsil olunan şəxslərin müharibənin gedişatında dəyişməsi kifayət qədər çox neqativ təsirlərə səbəb ola bilər, nəinki prezidentin və ya hökumət dəyişikliyi ilə bağlı ciddi addımların atılması… Ona görə də düşünürəm ki, növbəti mərhələdə Zelenski alternativlərinin gündəmə gəlməsindən daha çox onun hakimiyyətinin legitimləşdirilməsi istiqamətində də addımlar atıla bilər. Bu da yenidən hökumət kabinetinin formalaşması ilə nəticələnə bilər”.
Nurlan Cəfəri