Zelenskinin sürpriz Ankara SƏFƏRİ: “Türkiyənin proseslərə daxil olması Ukrayna üçün böyük şansdır”

“Kiyevin danışıqlar prosesinin öz xeyrinə bitməsi üçün hər yola əl atacağı şübhəsizdir”.

Bunu Yenicag.az-a açıqlamasında Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə gedib Prezident Rəcəb Tayyib Ərdoğanın çətiri altında dayanaraq, ona sığınmasının Rusiya ilə müharibənin taleyinin həllinə necə təsir edəcəyindən danışan politoloq Asif Nərimanlı deyib.


Onun sözlərinə görə, Zelenskinin atdığı belə addımın bir məqsədi var:

“Bu da danışıqlar prosesində Türkiyəni yanında görmək, yaxud göstərmək. Sözügedən hadisəni bir neçə aspektdən qiymətləndirmək mümkündür. İlk olaraq, məqsəd danışıqlar prosesində söz sahibi sayılan Vaşinqton və Kremlə Ankara alternativinin yaradılmasından ibarətdir. Əlavə olaraq, Ukrayna Türkiyəni iştirakçılardan birinə çevirərək, danışıqlar masasında mövqeyini gücləndirmək niyyətindədir”.

“Həmçinin ən son və ən əsas olaraq, sülh əldə edilərsə öz təhlükəsizliyinin təminatında Ukrayna Türkiyəni yanında görmək istəyir. Bir sözlə, Qərb cəbhəsində dəstək perspektivlərini artıran amil kimi Türkiyənin proseslərə daxil olması Ukrayna üçün böyük şansdır. Hazırkı prosesləri qısa müşahidə etdikdə isə Kiyevin danışıqlar prosesinin öz xeyrinə bitməsi üçün hər yola əl atacağı şübhəsizdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli