“Bölgədə maraqları olan İran və Fransa qarışıqlıq törədərək Zəngəzur dəhlizinin açılmasını ləngitmək istəyir”.
Bunu Qarabağda baş verən prosesləri və böyük güclərin bölgədəki maraqlarını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, sülhyaratma prosesinə İran və Fransa mane oldu:
“Ruben Vardanyanın Qarabağdan birdəfəlik getməsi inandırıcı deyil. Onun birdəfəlik getməsi Rusiya üçün uğursuzluq olardı. Rusiya ilk dəfə Lavrovun dili ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf edib. Amma öz nümayəndəsinə sahib çıxmaması da inandırıcı olmaz. Düşünürəm ki, Ruben Vardanyan geri qayıdacaq. O qayıdandan sonra da məsələlərə yeni baxış olacaq.
Azərbaycanın apardığı siyasətin mütləq nəticəsi olacaq. Bunun səbəbləri var. Zəngəzur dəhlizinin açılmasında Rusiyanın marağı çox böyükdür. Böyük Britaniyanın, Çinin də marağı var.
Ermənistan Fransa və İranın dəstəyi ilə də yeni siyasət aparmaq istəyindədir. Avropadan gələn müşahidəçilərin sayı 400 nəfərə çatdırılacaq. Onların içərisində Fransa jandarmı da olacaq. Düzdür, onların sayı 7 nəfərdir, ancaq hər halda diplomatların arasında hərbçi sayılan jandarmların olması təsadüfi deyil. İran və Fransanın bölgədə maraqları olduğuna görə, istəyirlər ki, orada qarışıqlıq törədərək Zəngəzur dəhlizinin açılmasını ləngitsinlər. Diqqəti də Laçın dəhlizinə yönəltsinlər ki, Azərbaycan oranı blokadada saxlayır. Ukrayna bloqerləri Xankəndindəki restoranlara yemək sifarişləri veriblər. Sifarişlərin hamısı da qəbul edilib. Bu onun göstəricisidir ki, heç bir blokadadan söhbət gedə bilməz. Ora ərzaq, humanitar yardımlar hamısı gedir. Alternativ yolla da hər şey daşınır. Dünya da bilir ki, blokadadan söhbət belə gedə bilməz. Bütün bunlara görə də orada hər hansı bir təxribatın törədilməsi Fransanın marağındadır və Fransa yardım göstərir.
Fransanın məqsədinə gəldikdə, bacılıq, qardaşlıq – hamısı boş şeylərdir. Fransanın canını vəlvələyə salan Misirdəki Süveyş kanalıdır. Süveyş kanalından keçən yüklərin bir hissəsinin Zəngəzur dəhlizindən keçməsi onları narahat edir. Hər şey iqtisadi maraqlara söykənir. Düşünürəm ki, Rusiyanın, Böyük Britaniyanın, Çinin, Türkiyənin marağı Azərbaycanın da maraqları ilə üst-üstə düşdüyünə görə bu yöndə irəliləyişlərimiz olacaq. Çətin olacaq, ancaq olacaq.
Regionda böyük toqquşmanın olacağını gözləmirəm. Buna Ermənistan hazır deyil. İrandan təhlükə var. İranın bölgədəki işlərə qarışması Rusiyanın marağında deyil. Ona görə də Rusiya və Türkiyə İranın əl-qol açmasına imkan verməz”.
Səxavət Məmməd
www.yenicag.az