“112” qaynar telefon xəttinə mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü qadının köməksiz qalması haqqında məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri Səbail rayonunda yerləşən mənzilə cəlb olunub. Məlum olub ki, həmin şəxs mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilə nərdivan vasitəsilə qalxaraq eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Nəsimi rayonunda da giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı mənzildə köməksiz qalıb. Xilasedicilər beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.