Reklam: High Technic
hightechnic

2 dönər qarşılığında arvadının üzünə “kislota” atdıran: “Mənim deyilsə, heç kimin olmasın”

Keçmiş arvadının üzünə zəhərli turşu olan “kislota” atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli çıxış edib. Dövlət ittihamçısı çıxışında Tural Hüseynov və Vüqar Kərimova 11 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Səlahəddin Cəfərov çıxışında təqsirləndirilən şəxslər barəsində qanunda nəzərdə tutulmuş ən ağır cəza verilməsini istəyib: “Hüquqlarını müdafiə etdiyim Nuranə Hüseynovanın vəziyyəti göz qabağındadır. Bunun nəzərə alınması tələb edirik”.

Təqsirləndirilən şəxsin vəkilləri çıxışa hazır olmadıqları üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 4-ə təyin edilib.

Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimova arvadının üzünə “kislota” atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. Onu da qeyd edək ki, T.Hüseynov məhkəmədə hadisə ilə bağlı keçmiş arvadını qısqandığı üçün bu cür əməl törətdiyini deyib: “Mənim deyilsə, heç kimin olmasın deyə belə etdim”.

Zərərçəkən Nuranə Hüseynovanın 25 yaşı var. Hadisədən sonra 25 yaşlı qadının bir gözü kor olub.

www.yenicag.az

76