Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

2 yaşlı Yenisabah.az-ın baş redaktoru: “Azərbaycan mətbuatı qollarına bağlanmış zəncirdən xilas olmalıdır” - MÜSAHİBƏ

“Vüqar Səfərlinin istintaqa məlum olan və olmayan fəaliyyəti bütün çılpaqlığı ilə üzə çıxarılmalıdır”.

Bu gün ölkə mediasında özünəməxsus yer tutan Yenisabah.az saytının 2 yaşı tamam olur. Quruluş gününü qeyd edən saytın baş redaktoru Seymur Verdizadə Yenicag.az-a müsahibəsində mətbuatın aktual məsələləri haqda fikirlərini bölüşüb.

– Seymur bəy, ölkə mediasının mövcud durumunda Yenisabah.az saytına baş redaktor getməyinizə təsir edən əsas səbəb nə oldu?

– Mən Yenisabah.az saytında fəaliyyətə başlamazdan öncə həmin internet portalı artıq tanınırdı və kifayət qədər auditoriyası vardı. Hakimiyyətyönlü, müxalifətyönlü və ya reketliklə məşğul olanların siyahısında bu saytın adı yox idi. Sayt müstəqil olduğuna görə baş redaktor kimi fəaliyyət göstərməyə qərar verdim. Kiçik kollektivimiz, böyük iddialarımız var. İnanıram ki, kollektivimizlə böyük hədəflərə nail ola biləcəyik.

– İddialı bir saytın baş redaktoru olaraq, mətbuatın bugünkü vəziyyəti sizi qane edir?

– Bugünkü vəziyyət məni qane etmir. Azərbaycan mətbuatı qollarına bağlanmış zəncirdən xilas olmalıdır. Hazırda bu istiqamət üzrə iş gedir və çox ciddi yeniliklər gözlənilir. Jurnalist müstəqil olmalıdır. Onun gözü heç kimin cibində olmamalıdır. Jurnalist öz istedadının çörəyini yeməlidir. Eyni zamanda, mətbuatda azad reklam bazarının olması vacibdir.

Reklamdan gələn gəlir sayt və qəzetlər arasında ədalətli şəkildə bölünməlidir. Jurnalistlərin Həmkarlar İttifaqının üzvü kimi apardığımız araşdırmaya görə, Azərbaycanda jurnalistlərin orta aylıq məvacibi 700 manat civarındadır. Bu, yüksək rəqəm deyil və jurnalistin bütün təminatını ödəmir. Mətbuatın tezliklə oliqarx və məmurlardan azad olunacağına inanıram. Belə olduqda mətbuat məmurların sifarişlərini deyil, cəmiyyətin istəklərini reallaşdıracaq.

– Mətbuatda fəaliyyət göstərmək üçün jurnalistika ixtisasını bitirməyi vacib şərt hesab edirsiniz?

– Əslində, mətbuatda ixtisas vacib şərt deyil. Məsələn, bizim musiqi təhsili olmayan böyük bəstəkarlarımız var.

İnsan seçdiyi sənətin peşəkarı olmalı və ədalətli davranmalıdır. Son illər mətbuatda keyfiyyət dəyişikliyi baş versə də, peşəkarların sayı azdır. Bəzi vəzifəli şəxslər öz qohumlarını, dost-tanışlarını hansısa qurumların mətbuat xidmətlərində işə düzəldirlər. Nəticədə həmin qurumun fəaliyyəti də biabırçı vəziyyətə düşür. Bu cür hallara son qoyulması arzuolunandır.

– Medianın aktual problemi olan reket jurnalistikası ilə mübarizəni necə dəyərləndirirsiniz?

– Azərbaycanda reket jurnalistikasını məmurlar bəsləyirlər. Ölkədə rüşvət və korrupsiya bataqlığında boğulan məmurların çoxluğu reket jurnalistlərin sayını da artırır. Əgər məmurların fəaliyyəti qanunauyğun olarsa və dövlətin malını talan etməsələr, onları şantaj edən jurnalistlərin də sayı az olar. Mətbuatın üz qarası olan reket jurnalistlər axırıncı nəfərinə qədər qanun qarşısında cavab verməlidirlər.

– Ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsindən sonra onun yol verdiyi cinayətlərə dair yeni faktlar açıqlandı…

– Vüqar Səfərlinin əməlləri geniş şəkildə araşdırılmalıdır. Onun istintaqa məlum olan və olmayan fəaliyyəti bütün çılpaqlığı ilə üzə çıxarılmalıdır. İnanıram ki, məhkəmə prosesi ədalətli olacaq və qanunun təyin etdiyi müvafiq cəza veriləcək.

– Yeri gəlmişkən, “Jurnalistlər binası”ndan verilən 20 mənzilin geri alına biləcəyinə dair rəsmi açıqlama yayıldı. Bu gedişatla bağlı nə düşünürsünüz?

– Jurnalistlərə verilən mənzillərlə bağlı vəziyyət mübahisəlidir. “Jurnalistlər binası”ndan kiminsə çıxarılmasını arzulamıram. Qanunsuzluğa əl atan şəxslər buna görə cavab verməlidirlər, amma hansısa jurnalistin evdən məhrum edilməsinə müsbət yanaşmıram.

– KİVDF-nin bazasında yaradılan Medianın İnkişafı Agentliyinin gözləntiləri doğruldacağına inanırsınız?

– Agentliyin yaranması pandemiya dövrünə təsadüf edib. Bu amil yeni qurumun daha genişmiqyaslı fəaliyyət göstərməsinin bir qədər çətin olacağını deməyə əsas verir. Medianın İnkişafı Agentliyi köhnə KİVDF-nin bazasında yaradılıb. Lakin son zamanlar KİVDF-nin rəhbərliyində dəyişikliklərin baş verdiyini müşahidə edirik. Bütün hallarda dəyişikliyin və gənclərin yolunun açılmasının tərəfdarıyam. Azərbaycan mətbuatı Əhməd İsmayılovun təyinatı ilə rayonlarda icra başçılarının hesabına yeyib-içən, şənlənən bir qrup müftəxordan xilas oldu. Bu təyinata qədər Vüqar Səfərli öz dəstəsi ilə məmurların hesabına yeyib-içmək və həmin məmurları tərifləməklə məşğul idi. Əsas odur ki, yeni Agentlik dostbazlıq, tayfabazlıq prinsiplərindən uzaq dursun. Eyni zamanda, bu qurum peşəkarlarla əməkdaşlıq etməli və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına töhfə verməlidir.

– İddiasını bir neçə dəfə vurğuladığınız Yenisabah.az saytının əsas hədəfləri nədir?

– Hazırda öz tənqidçi mövqeyimizi qoruyub saxlamaqla məşğuluq. Fəaliyyətində nöqsan aşkarladığımız qurumlara aid problemləri işıqlandırmaqdan çəkinmirik. Yəni, bizim üçün sevimli və ya arzuolunan məmur yoxdur. Hər kəslə eyni məsafədə dayanmağa çalışırıq. Gözümüz heç kimin cibində deyil. Oxuculara daha dolğun məlumatlar çatdırmağa can atırıq. İki il uzun zaman deyil və gələcəkdə böyük hədəflərimizə çatacağımıza inanıram.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1278