Xankəndidən dünyaya ötürülən MESAJ: "Azərbaycan regional sabitliyin təmin edilməsində aparıcı rol oynayır"

media-hightechnic-468x90

“Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurların parlaq təcəssümü kimi tarixi önəm kəsb edir. Prezident İlham Əliyevin bu tədbirdə verdiyi mesajlar həm ölkənin keçmişdəki çətinliklərini, həm də gələcəyə yönəlmiş strategiyasını özündə ehtiva edir”.

Bu fikirləri Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü barədə fikirlərini Yenicag.az-la bölüşən Milli Məclisin üzvü Naqif Həmzə səsləndirib.media-naqif111

Prezident İlham Əliyevin toplantının Xankəndidə təşkil edilməsinin xüsusi önəmi barədə sözlərini xatırladan deputat bu seçimin işğaldan azad edilmiş torpaqlarda yeni reallığın beynəlxalq tanınmasının və qəbul edilməsinin göstəricisi olduğunu bildirib:

“Son illər Qarabağda keçirilən beynəlxalq tədbirlər – Şuşada 2023-cü ildə İƏT-nin Nazirlər Şurasından tutmuş, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsinə və bu ilin may ayında Laçında üçtərəfli zirvəyə qədər – bölgənin sülh və inkişaf mərkəzinə çevrilməsinin təsdiqidir.

Prezidentin çıxışında Ermənistan işğalının dəhşətli nəticələrinin təsviri xüsusi diqqət çəkir. 30 ilə yaxın davam edən işğal dövründə bir milyondan artıq azərbaycanlının didərgin salınması, 150 milyard dollar zərər vurulması, 65 məscidin dağıdılması və mədəni abidələrin məhv edilməsi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Prezidentin “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır” ifadəsi haqsızlığın düzəldilməsində Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə və sonrasında həyata keçirilən “Böyük Qayıdış” proqramı bu qətiyyətin nəticəsidir”.

Naqif Həmzə bu konfransın Azərbaycanın beynəlxalq sahədə nüfuzunun artmasının göstəricisi olduğunu qeyd edib:

“İqtisadi göstəricilər də diqqətəlayiqdir. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulması, bunun yarısının xarici sərmayə olması, 12 ölkəyə təbii qaz ixracı və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindən istifadə edilməsi ölkənin iqtisadi gücünün göstəricisidir.

“Böyük Qayıdış” proqramı çərçivəsində 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışının təmin edilməsi, hazırda 50 mindən çox insanın azad edilmiş ərazilərdə yaşaması, çalışması və təhsil alması postkonflikt inkişafın nümunəvi modelidir”.

İƏT-nin Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması, 2026-cı ilin Şuşa şəhərinin “İƏT-nin Turizm paytaxtı” elan edilməsi beynəlxalq əməkdaşlığa açıqlığı nümayiş etdirir.

Bu il ilk dəfə Azərbaycanın təşəbbüsü ilə keçirilən İƏT Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumunun təşkil edilməsi təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcını qeyd edir”.

O, İƏT-nin Xankəndidə keçirilən bu zirvəsinin Azərbaycanın diplomatik uğurlarının və beynəlxalq nüfuzunun artmasının yeni səhifəsi kimi qiymətləndirilməli olduğunu vurğulayıb:

“Prezidentin çıxışında Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması məsələsinə xüsusi diqqət yetirilməsi də əhəmiyyətlidir. İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsinin yekdil qərarı ilə qəbul olunan qətnamə bu istiqamətdə uğurun göstəricisidir.

Bu görüş Azərbaycanın regional liderlik rolunu gücləndirib davam etdirmək istəyinin bariz nümunəsidir. Bu zirvə sadəcə diplomatik tədbir deyil, həm də Azərbaycanın gələcək nəsillərə sülh və inkişaf miras qoyma əzminin rəmzidir.

Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar, Azərbaycanın keçmişdəki çətinliklərini arxada qoyaraq gələcək inkişafına yönəlmiş strategiyasını həyata keçirmək əzmində olduğunu göstərir. Bu həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan güclü mesajdır: Azərbaycan qloballaşan dünyada öz yerini möhkəmləndirib və regional sabitliyin təmin edilməsində aparıcı rol oynayır”.

Aqil Bəkir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600