28 May: Keçmişdən gələcəyə uzanan İSTİQLAL KÖRPÜSÜ

media-hightechnic-468x90

Tarix bəzən bir günə sığır. Elə bir gün ki, xalqın yaddaşına möhürlənir, gələcək nəsillərin yol xəritəsinə çevrilir. 28 may – Azərbaycanın istiqlal yürüşünün başlanğıcı, milli dövlətçilik ənənələrinin bərpası və qürurla yad edilən bir tarixdir. 1918-ci ilin məhz bu günündə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, təkcə dövlətin qurulması deyil, həm də azadlıq düşüncəsinin gerçəyə çevrildiyi bir çağ idi.

O dövrdə nə texnologiyamız vardı, nə də güclü ordumuz. Lakin xalqın içində yanan azadlıq eşqi vardı. Maarifçilik hərəkatı, milli özünüdərk, kimlik axtarışı – bütün bunlar cümhuriyyətin doğuşunu hazırlayan mühüm amillər idi. Müsəlman Şərqində ilk dəfə olaraq xalq hakimiyyəti ideyası məhz Azərbaycan torpağında gerçəkləşdi. Qısa ömründə Azərbaycan Xalq Cümhuriyyəti 350-dən çox mühüm qərara imza atdı. Parlament yaradıldı, dövlət rəmzləri – bayraq, himn, gerb təsdiqləndi, ana dili dövlət dili elan olundu, sərhədlər müəyyənləşdirildi və müasir dövlətdə mövcud olan əsas institutlar formalaşdırıldı.

Sovet işğalı ilə Cümhuriyyət süqut etsə də, onun yaratdığı müstəqillik ruhu xalqın şüurunda sönmədi. Onillərlə daxildə yaşadılan azadlıq arzusu 1991-ci ildə yenidən gerçəyə çevrildi. Lakin müstəqilliyin bəxş etdiyi sevinc uzun sürmədi – ölkə siyasi, iqtisadi və hərbi xaosla üz-üzə qaldı. Məhz bu çətin dönəmdə xalq bir ümidə sarıldı: Heydər Əliyevə.

1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, onun gələcəyini də qurdu. İlk dəfə üçrəngli bayrağımızı Naxçıvanda dövlət rəmzi kimi təsdiqləyən, dövlətçilik ənənələrinə sədaqəti ilə seçilən Heydər Əliyev Azərbaycanın dirçəlişinin təməlini qoydu. Onun siyasi kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.

Bu gün 28 May – Müstəqillik Günü təkcə tarix deyil, həm də zəfər bayramıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız işğaldan azad olundu. İndi Şuşada dalğalanan Azərbaycan Bayrağı bir əsrlik dövlətçilik xəyalının gerçək simvoludur. Bu bayraq təkcə torpaq üzərində deyil, həm də hər bir azərbaycanlının qəlbində dalğalanır.

Azərbaycan Xalq Cümhuriyyəti qısaömürlü, lakin əbədi ideyalar daşıyıcısı olan bir dövlət modeli idi. Onun ideyaları bu gün müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət olaraq qurulmasında, beynəlxalq aləmdə sayılıb-seçilən ölkəyə çevrilməsində öz bariz əksini tapır.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600