Ukrayna cəbhəsində gözlənilməz zərbə: Bu istefa hücum əməliyyatlarını dayandıracaq?
“Zelenski müdafiə nazirinin uğurunu qəbul etmir”.
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq Ukrayna müdafiə naziri M. Feodorovun istefa verməsinin arxasında gizlənən həqiqətləri şərh edib:
“Ukrayna prezidentinin müdafiə naziri M. Feodorovu vəzifəsindən azad etməsi daxili intriqaların nəticəsidir. Müdafiə naziri M. Feodorov bir növ korrupsiyaya qarşı mübarizənin və daxili intriqaların qurbanı oldu. Ukraynanın Rusiyaya qarşı artan texnoloji silah üstünlüyünə nail olduğu və Rusiyanı küncə sıxışdırdığı bir vaxtda onun istefaya göndərilməsi ciddi suallar yaradır. Məhz M. Feodorovun fəaliyyəti sayəsində Ukrayna kifayət qədər uğur qazana bilmişdi.
Görünür, müharibənin davam etməsində və Ukraynanın tam üstünlük qazanmamasında maraqlı olan qüvvələr var. Qeyd edim ki, müharibənin bütün texnoloji və digər logistikasını Qərb həyata keçirir. Bu logistikanı yüksək səviyyədə idarə etmək və korrupsiyanın qarşısını almaqla Feodorov kifayət qədər nüfuz qazanmışdı.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Sırski etnik cəhətdən rusdur. General Sırskinin M. Feodorov üzərində qələbə əldə etdiyini qeyd etmək olar. Çünki bu intriqa iki şəxs arasında davam edirdi. General Sırski sistemin adamı və konservativ bir hərbçi olaraq, mülki şəxsin uğurlu əməliyyat planı ilə razılaşa bilməzdi”.
Politoloq qeyd edib ki, Ukrayna lideri Zelenski müharibədə qazanılan uğurları təkcə müdafiə nazirinin ayağına yazmaq istəmir:
“V. Zelenskinin müharibədəki üstünlüyün bir şəxsin yox, bütün komandanın işi olduğunu vurğulaması diqqət çəkdi. Bununla da V. Zelenski müdafiə nazirinin uğurunu qəbul etmədiyini nümayiş etdirmiş oldu. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı siyasiləşmiş və korrupsiyalaşmış generalitetdən ibarətdir. V. Zelenski ölkəsində korrupsiya və hüquqsuzluğa qarşı mübarizədə zəiflik nümayiş etdirir. Bu istefa Ukrayna qoşunlarının hücum əməliyyatlarına müəyyən dərəcədə mənfi təsir göstərəcək”.
Nurlan Cəfəri













