30 yaşı keçənlərə hərbi xidmətlə bağlı niyə mesaj göndərilir?

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 35-dən 30-a endirilib.

Yenicag.az Ölkə.az-a istinadla xəbər verir ki, buna baxmayaraq 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlməsi insanlar arasında bir qədər çaşqınlıq yaradıb.

Buna səbəb isə mesajlarda çağırışın səbəbinin qeyd olunmamasıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha əvvəl mesajlara aydınlıq gətirsə də, məsələnin daha sadə dildə izahatına ehtiyac yaranıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib ki, bu, 30 yaşı tamam olan ehtiyata buraxılan şəxslərin sağlamlıq durumunu öyrənmək məqsədi daşıyır:

“Yaşı 30-u keçmiş və hərbi xidmətə yararsız olan, daha doğrusu, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olanlara SMS gəlib. Bu SMS ona görə göndərilib ki, onlar sonuncu dəfə həkim komissiyasından keçirilir və ehtiyata buraxılırlar. Ehtiyata buraxıldıqda onların sağlamlıq statusları müəyyən olunmalıdır ki, sabah onlar ehtiyatda olmaqlarına baxmayaraq yenidən lazım olsalar, bilinsin ki, bu şəxslər xidmətə yararlıdır, yararsızdır və ya məhdud yararlıdırlar.

Yəni yaşı 30-u keçənlərə SMS göndərilməsinin səbəbi onların ehtiyata buraxılması üçün sonuncu dəfə həkim müayinəsinə cəlb olunmasıdır. Ehtiyata buraxılarkən onların sağlamlıq durumu müəyyən edilməlidir”.

Həqiqi hərbi xidmət yaşının 30-a endirilməsindən sonra bəziləri üçün qaranlıq qalan digər bir məsələ isə mətbuatda yer alan məlumatlarda müddətli həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 31.5 yaş göstərilməsidir. Əhali arasında “həqiqi hərbi xidmətkeçmədə son yaş həddi” ilə “hərbi xidmətdə olmağın son yaş həddi” anlayışlarını səhv salıblar.

P.Sədrəddinov bu məsələyə də aydınlıq gətirib.

“Çağırış ayına qədər 30 yaşı tamam olan şəxslər (çağırış hər 3 aydan bir olur) əsgərliyə getmir. Çünki onun 30 yaşı artıq tamam olub. Əgər şəxs 30 yaşı tamam olan ildə əsgərliyə gedirsə, orta təhsillidirsə, o, 31.5 yaşda, ali təhsillidirsə, 31 yaşında tərxis olacaq.

Əvvəllər həqiqi hərbi xidmətkeçmənin son yaş həddi 35 idi. Yəni 35 yaşa qədər hərbi xidmətə çağırılırdısa və orta təhsillidirsə, 36.5 yaşında tərxis olurdu”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600