4 nəfər intihar etdi
Türkiyənin Konya şəhərində son 7 gündə 3-ü uşaq olmaqla 4 nəfər intihar edib.
Bu haqda məlumatı “milliyet” qəzeti yayıb.
Məlumata görə, intihar hadisələri Konya sakinlərini bərk narahat edib.
Hadisələr 55 yaşlı Zəkəriyyə Poladın intiharı ilə başlayıb. Ereğlidə taksi sürücüsü işləyən Polad mayın 26-da ana və atasının məzarı başında tapança ilə intihar edib. Ereğli xalqı bu intiharı danışarkən yeni bir intihar şoku yaşanıb.
Anası ilə atası ayrı yaşayan 17 yaşlı Sercan Karcı evində özünü asıb. Nişanlı olan Sercandan dərhal sonra yaxın dostu Mehmet Akgedikdən acı xəbər gəlib. Yenə də boşanmış bir cütlüyün uşağı olan Mehmet Facebook hesabında itirdiyi yaxın dostu Sercan Karcıya “Sən getdin, mən də gəlirəm. Allahım, sən bağışla məni. Dözəcək gücüm qalmadı” yazdıqdan sonra intihar edib.
İyunun 1-də isə 14 yaşlı Kübra Çatan atasının ölümünün ikinci ildönümündə, anası bazara getdiyi zaman televiziya kabeli ilə həyatına son qoyub.
Ereğli İcra Hakimiyyətinin başçısı Şakir Erden deyib ki, intihar edən uşaqların hamısının valideynləri ayrı yaşayır: “Bu da intiharın əsas səbəbi ola bilər. Nə edə bilərik. Psixoloqlar və müəllimlərlə görüşlər keçirəcəyik. Parçalanmış ailələr mövzusunda yeni bir işə başlayacağıq. Hər ay ən azı 1 saat ailələrlə görüşəcəklər”.
Ereğli Respublika Baş Prokuroru Mehmet Akif Aktaş isə olayla bağlı araşdırmaların davam etdiyini vurğulayıb: “İntiharların eyni vaxta düşməsi tamamilə təsadüfdür. Ailə vəziyyəti və sosial vəziyyət intiharlara təkan verir. Ailə başçılarının öz övladları ilə ünsiyyətdə olması çox mühümdür. Valideynlər uşaqlarının dərdlərini eşitməlidirlər”.