“Dörd uşağı olan ailələrə dövlət ev verməlidir. 4 uşaq dünyaya gətirmək qəhrəmanlıqdır. Bu adam 4 uşaq saxlayırsa, ona ikiotaqlı ev vermək nə böyük şeydir ki? Bakı göbələk kimi hündürmərtəbəli binalarla doludur.
Nə həyəti-bacası var, nə də parklanma yeri. Heç nəyi yoxdur, quş yuvaları kimi tikiblər, kvadratı da 2500-3000 manat. Kimin ağlına nə qiymət gəlir, satır. Ay qardaş, ikiotaqlı ev gəlib 100 minə çıxır. 100 min manat nə deməkdir? Bizim kimi normal insanlar üçün bu rəqəm fantastikdir. Dövlət axı həm də imkansızın dövlətidir, təkcə məmurların, oliqarxların dövləti deyil. Arada biz də yaşamalı, xoş gün görməliyik”.
Yenicag.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı “Reaksiya Tv”nin canlı efirində deyib.
“2023-cü ilin əhali sayında olan artıma baxın. Bir uşaqdan artıq uşaq dünyaya gəlmir. “Uşaqpulu” olmalıdır, ev verilməlidir, şərait yaradılmalıdır. Kasıblıqdan boşanmaların sayı 39% artıb. Kim nə deyirsə, desin, kasıblıq, yoxsulluq, dava-dalaş, kommunal xərclər, gərginlik problemdir. Boşanma o deməkdir ki, 40% ailədə böyüyən uşaqlar natamam, psixoloji problemli, gərgin uşaqlar olacaqlar. Beləliklə, cəmiyyət də gələcəkdə gərgin olacaq. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri aliment məsələsidir. Boşanıblar, aliment verə bilmirlər. Yazıq qadın o tərəfdə, kişi bu tərəfdə, uşaq da ortada bədbəxt olur. Sonra da deyirlər ki, Tural ancaq problemlərdən danışır…”, – o bildirib.
www.yenicag.az