450 ildən sonra yenidən vulkan püskürdü – Kül bulutu göyləri bürüdü - FOTO/VİDEO
Rusiya’nın şərqində yerləşən Kamçatka yarımadasında, 1550-ci ildən sonra ilk dəfə fəaliyyətə başlayan Kraşeninnikov Yanardağından qalxan kül bulutu 6 min metr yüksəlib. Bu hadisə bölgədə qeydə alınan 8,8 bal gücündə zəlzələdən bir neçə gün sonra baş verib
Yenicag.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Kamçatka idarəsinin məlumatına görə, kül bulutu şərq istiqamətində, Sakit Okean üzərinə doğru hərəkət edir və yolunda yaşayış məntəqəsi yoxdur.
Yanardağın püskürməsi səbəbindən turuncu səviyyəli aviatsiya alarmı elan olunub ki, bu da uçuşlarda risk yarada bilər.
Qeyd edək ki, bölgədə baş verən 8,8 bal gücündə zəlzələ 2011-ci ildə Yaponiyada baş vermiş və 15 mindən çox insanın həyatına son qoymuş 9,1 bal zəlzələdən sonra dünyanın ən güclü zəlzələlərindən biridir. Zəlzələnin yaratdığı tsunami dalğaları Severo-Kurilsk limanında ciddi dağıntılara səbəb olub və geniş ərazilərdə evakuasiya tədbirləri görülüb.
Məsimə Məmmədova