5-dən çox uşağı olan valideynlər daha tez pensiyaya çıxsın - TƏKLİF
“Təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu, dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir:
“Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlər ilə pensiya alanların dairəsinin genişləndirilməsinə xidmət edəcək. Məhz bu səbəbdən dövlət büdcəsindən DSMF-ə transfertlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon artırılaraq 1 milyard 600 milyon manata çatdırılır. Bütün bunlar ilə yanaşı, güzəştli şərtlər ilə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədə uyğun olardı. Bu gün müzakirə etdiyimiz “Əmək pensiyaları” haqqında” qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanların 5 il daha tez pensiyaya çıxırlar.
Müzakirə etdiyimiz dəyişikliklər ilə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olan ilə 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki, uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımından arzuolunandır”, – deyə deputat bildirib.