6 min “cəsədlik razılaşma” – Rusiya meyit mübadiləsini niyə təxribata ÇEVİRİR?
“Son dövrlərdə Rusiya tərəfinin Ukraynanı həlak olmuş hərbçilərin cəsədlərini qəbul etməməkdə ittiham etməsi beynəlxalq ictimaiyyət və ekspertlər tərəfindən açıq dezinformasiya aktı kimi qiymətləndirilir”.
Bunu Yenicag.az-la söhbətində politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi sonuncu İstanbul görüşündən sonra meyitlərin mübadiləsi məsələsində Rusiyanın Ukraynanın meyitləri geri qaytarmaq istəməməsi ilə bağlı ortaya atdığı iddianı şərh edib.
Həmsöhbətimizin fikrincə, İstanbul razılaşmasına əsasən, tərəflər arasında 6.000 cəsədin qarşılıqlı şəkildə təhvil verilməsi barədə imzalanmış sənəd mövcuddur:
“Əgər Ukrayna tərəfi bu prosesə razı olmasaydı, o sənədə imza atmaz və belə bir öhdəlik götürməzdi. Dolayısı ilə Rusiya tərəfinin yaydığı bu cür məlumatlar daha çox informasiya müharibəsinin tərkib hissəsi, eyni zamanda, Prezident Zelenskinin daxili nüfuzunu sarsıtmağa hesablanmış addımdır. Artıq Ukrayna rəsmi olaraq bu iddialara cavab verib və cəsədlərin mübadiləsinin yaxın günlərdə həyata keçiriləcəyini bəyan edib. Hazırda əsirlərin dəyişdirilməsi prosesi də davam edir və birə-bir prinsipi əsasında həyata keçirildiyi bildirilir”.
Onun sözlərinə görə, bütün bu proseslər fonunda diqqətçəkən əsas məqam odur ki, Rusiya və Ukrayna arasında diplomatik danışıqların uğurla nəticələnməsi real görünmür:
“Tərəflər öz mövqelərindən geri çəkilmək niyyətində deyillər. Rusiya işğal etdiyi ərazilərin öz ərazisi kimi tanınmasında israrlıdır, Ukrayna isə bu əraziləri heç bir halda Rusiya torpağı kimi qəbul etməyəcəyini qəti şəkildə bəyan edir. Bu mövqeni yalnız Zelenski deyil, Ukraynada hakimiyyətə gələcək istənilən siyasi lider davam etdirəcək. Hazırkı mərhələdə tərəflərin danışıqlar masasına bərabər şərtlərlə oturması üçün hər biri müharibə meydanında üstünlük əldə etməyə çalışır. Bu isə yalnız hərbi yox, həm də siyasi və iqtisadi təzyiqləri gündəmə gətirir. Xüsusilə Avropa İttifaqı və ABŞ tərəfindən Rusiyaya qarşı koordinasiyalı təzyiqlərin olmaması müharibənin uzanması riskini artırır”.
R. Bayramov əmindir ki, Avropa İttifaqı tərəfindən hazırlanan və mütəmadi yenilənən sanksiya paketləri, eləcə də ABŞ Senatında müzakirəyə çıxarılmış sərt sanksiyalar layihəsi onu göstərir ki, Rusiya yalnız koordinasiyalı beynəlxalq təzyiqlər fonunda hansısa güzəştə məcbur edilə bilər:
“Çünki Rusiya hazırda iqtisadi, texniki və canlı qüvvə baxımından ciddi çətinliklərlə üz-üzədir. ABŞ-nin prosesə aktiv şəkildə qoşulması xüsusi əhəmiyyət daşıyır. Çünki Avropa İttifaqının dəstəyi yalnız Ukraynanın müqavimətini qorumaq üçün yetərlidir, işğal olunmuş ərazilərin azad olunması və Rusiyanın geri çəkilməsi üçün bu kifayət etmir. Birləşmiş Ştatların kənarda qalması müharibənin davamını labüd edir”.
Müsahibimiz söyləyib ki, bu kontekstdə Donald Trampın mümkün müdaxiləsi də istisna olunmur:
“Əgər Tramp Ukrayna ilə imzalanmış sazişə əsasən, bu ölkənin təbii resurslarından faydalanmağı planlaşdırırsa, o zaman regionda təhlükəsizliyin təmin olunması üçün Rusiyaya qarşı təzyiqlər göstərməsi qaçılmaz olacaq. Əks halda, ABŞ-nin sərmayədarları müharibə şəraitində heç bir iqtisadi fəaliyyətə maraq göstərməyəcək. Əgər Ağ Ev yaxın zamanda Avropa İttifaqı ilə koordinasiyalı şəkildə sanksiya və siyasi təzyiqləri artırarsa, Rusiya-Ukrayna münaqişəsində dönüş nöqtəsi baş verə bilər. Əks təqdirdə, müharibə uzun müddət davam edəcək. Ukrayna yalnız müqavimət göstərmək imkanında olacaq və ərazilərin işğaldan azad olunması məsələsi çətinləşəcək”.
Rafi Müslümov