Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, son beş ildə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər fəal və ardıcıl şəkildə inkişaf edib: “Bu il mənim Qazaxıstandakı diplomatik fəaliyyətimin beş ili tamam olur. Bu dövr ərzində ikitərəfli münasibətlər fəal və ardıcıl inkişaf edib. Bu gün Azərbaycan və Qazaxıstan arasında demək olar ki, bütün məsələlər üzrə yüksək səviyyədə qarşılıqlı anlaşma, etimad və dəstək mövcuddur”.

A. Atamoğlanov qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri yeni səviyyəyə yüksəlib. O, 2022-ci ildə Strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanmasını, eləcə də 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması və iki iclasını xatırladıb.

Səfir həmçinin iki dövlət başçısı arasındakı intensiv siyasi dialoqa diqqət çəkib. Onun sözlərinə görə, son beş ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana 8 dəfə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Azərbaycana 6 dəfə səfər edib.

“Bu il Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir”, – diplomat vurğulayıb.

O əlavə edib ki, fəal təmaslar digər yüksək səviyyələrdə də davam edir. 2022–2025-ci illərdə iki ölkənin baş nazirləri səkkiz qarşılıqlı səfər, xarici işlər nazirləri isə yeddi qarşılıqlı səfər həyata keçiriblər.

A. Atamoğlanov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında müqavilə-hüquq bazası genişlənməyə davam edir: təkcə son dörd il ərzində 64 sənəd imzalanıb, ölkələr arasında imzalanmış sənədlərin ümumi sayı isə 190-a çatıb.

Səfir nəqliyyat, logistika, investisiya, energetika, “yaşıl energetika” və ticarət sahələrində əməkdaşlığın artdığını qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 5 dəfə artıb, yaradılmış Azərbaycan-Qazaxıstan Birgə İnvestisiya Fondu isə artıq bir neçə layihəni nəzərdən keçirir.

Diplomat xüsusi olaraq Orta Dəhlizin roluna toxunaraq bildirib ki, Azərbaycan və Qazaxıstan onun cəlbediciliyinin, rəqabət qabiliyyətinin, daşımaların sürətinin və təhlükəsizliyinin artırılması üzrə birgə səylərini davam etdirir. Hazırda dəhliz vasitəsilə daşıma 15–18 gün çəkir.

A. Atamoğlanov həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” kimi tanınan Zəngəzur dəhlizinin işə salınması Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində avtomobil yolunun 90 %-i, dəmir yolunun isə təxminən 70 %-i artıq hazırdır.

Diplomat bildirib ki, yaxın aylarda “Rəqəmsal İpək Yolu” layihəsinin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik rabitə xəttinin istifadəyə verilməsi planlaşdırılır.

O, həmçinin Xəzər dənizi vasitəsilə Avropa bazarlarına “yaşıl enerji” ixracı layihəsinin uğurla həyata keçirilməsini qeyd edib. Layihənin praktiki icrası üçün Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq saziş imzalayıb və birgə müəssisə yaradıblar.

Humanitar əməkdaşlıqdan danışan A. Atamoğlanov mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafını vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ildə Qazaxıstandan Azərbaycana gələn ziyarətçilərin sayı 104 min nəfərə çatıb, bu da 2021-ci illə müqayisədə 1,5 dəfə çoxdur.

O əlavə edib ki, 2025-ci ilin statistikasına əsasən, Qazaxıstan universitetlərində 346 Azərbaycan vətəndaşı, Azərbaycan universitetlərində isə 180 Qazaxıstan vətəndaşı təhsil alır.

Sonda diplomat Qazaxıstanın onun ailəsi üçün ikinci vətənə çevrildiyini vurğulayıb və iki qardaş ölkə arasında dostluğun bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05