65 milyonluq 11 lüks avtomobil müsadirə edildi
İstanbulda avtomobil qaçaqmalçılığına qarşı keçirilən əməliyyat zamanı ümumi bazar dəyəri təxminən 65 milyon türk lirəsi olan 11 lüks avtomobil müsadirə edilib və 14 şübhəli saxlanılıb.
Yenicag.az İstanbul Polis İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin məlumatına istinadən xəbər verir ki, xaricdən “turizm məqsədli” adı ilə ölkəyə gətirilən avtomobillərin qanuni qalma müddəti qəsdən uzadılıb və ixrac prosedurları tamamlanmadan Türkiyədə istifadə edildiyi müəyyən edilib.
Araşdırma zamanı bəzi nəqliyyat vasitələrinin qeydiyyatsız şəkildə üçüncü şəxslərə verildiyi, bəzilərinin isə xaricdə kreditlə alındığı və ödəniş edilmədiyi üçün İnterpol tərəfindən axtarıldığı üzə çıxıb.
Müsadirə edilən avtomobillərdən birinin sosial şəbəkələrdə avtomobil ekspertizası paylaşımları ilə tanınan Ferdi Gökçəyə məxsus olduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir. Automobillər İstanbul Polis İdarəsinin Vətən qərargahında nümayiş etdirilib.
Nəsimi Ələsgərli












