700 milyardlıq ZƏRBƏ: Ukraynanın hücumu müharibənin axarını NİYƏ DƏYİŞMƏDİ?
“Bu amilləri nəzərə aldıqda, Ukraynanın hücumunun müharibənin gedişinə ciddi təsiri yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, Ukraynanın Rusiyaya dağıdıcı hücumlarının müharibənin taleyinə təsirini təhlil edib.
Politoloq bildirib ki, bu hadisə planlı şəkildə həyata keçirilib, lakin ümumilikdə müharibənin taleyini dəyişəcək potensiala sahib deyil:
“Doğrudur, təxminən 700 milyardlıq zərər dəyib. Ancaq müharibənin ümumi gedişatına təsir etmək üçün belə əməliyyatlardan bəlkə də 5-10 dəfə daha güclüsü baş verməlidir. Hadisələrin istiqamətini dəyişə bilmək üçün yalnız bu baş verməlidir. Yaxud Ukraynaya daha ciddi dəstək göstərilməlidir ki, müharibənin axarını dəyişmək mümkün olsun”.
“Doğrudur, bu hücum Rusiyanın müəyyən qədər axsaqlıq yaşamasına səbəb ola bilər. Çünki ruslar kifayət qədər irimiqyaslı hava hücumla qarşılaşdı. Buna baxmayaraq, Rusiyanın müdafiə qüvvələri də kifayət qədər böyükdür. Eyni zamanda çox güclü müdafiə qüvvələrinə sahib olmasına baxmayaraq, Moskva yenə də həm Şimali Koreyadan, həm İrandan, həm də Çindən müəyyən texnikalar alır. Həmin texnikanın miqdarı və sayı barədə konkret məlumatlar isə yoxdur. Bu amilləri nəzərə aldıqda, Ukraynanın hücumunun müharibənin gedişinə ciddi təsiri yoxdur”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli