"Etimad pillə-pillə formalaşır": Yanacaq göndərişi münasibətlərin dinamikasını necə dəyişir?
“Regional sabitlik üçün kiçik, lakin simvolik addımlar böyük əhəmiyyət kəsb edir.”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, Azərbaycandan Ermənistana yanacağın göndərilməsinin simvolik mesajları barədə fikirlərini səsləndirib. Politoloq bildirib ki, bu addım həm rəsmi, həm də simvolik səviyyədə diqqət çəkir.
“Regionda qarşılıqlı etimadın artırılması üçün həmin təşəbbüs müsbət siqnaldır. Sülh prosesinin fonunda belə əməkdaşlıq hər iki tərəfə fayda gətirə bilər. Lakin bu, münasibətlərin birdən-birə istiləşdiyi anlamına gəlməməlidir. Hər iki ölkənin tarixi və siyasi təcrübəsi ehtiyatlı addımlar tələb edir. Yanacağın göndərilməsi praktiki ehtiyaclarla da bağlıdır. Yalnız diplomatik mesaj kimi dəyərləndirilə bilməz. Əsas sual budur ki, bu addım uzunmüddətli qarşılıqlı əməkdaşlığın başlanğıcı olacaqmı? Sülh prosesinin davamlılığı konkret tədbirlərə bağlıdır. Buna görə mesajın optimist qəbulu yalnız ehtiyatlı şərtlər daxilində mümkündür. Regional sabitlik üçün kiçik, lakin simvolik addımlar böyük əhəmiyyət kəsb edir.”
Azərbaycanın təşəbbüsü konstruktiv niyyətin göstəricisi sayılır. Lakin unutmaq olmaz ki, etimad pillə-pillə formalaşır. Hər iki tərəf arasında kiçik addımların davamlı olması əsas şərtdir.
Həmçinin, bu addım Azərbaycanın sülhpərvər və konstruktiv mövqeyinin, regionda dialoqun və əməkdaşlığın gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir, – deyə o, fikrini tamamlayıb.
Nəsimi Ələsgərli












