Deputatdan Kremlin "istintaq oyunu"na SƏRT CAVAB: "Putin özünə hörmət etmir, Rusiya bütün körpüləri YANDIRDI"

media-hightechnic-468x90

“Rusiya Azərbaycanla bütün körpüləri yandırdı”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

media-arzuxan-1200x760

Deputat AZAL-a məxsus təyyarənin Qroznıda vurulmasına görə Rusiya İstintaq Komitəsinin yaydığı açıqlamanı sərt tənqid edib:

“Məlumdur ki, 2024-cü il 25 dekabrda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi Qroznı üzərində vuruldu və nəticədə qəzaya uğradı. Hadisənin detalları hər kəsə məlumdur. Ötən müddət ərzində Rusiya tərəfi özünü qeyri-adekvat apardığı üçün Azərbaycan-Rusiya münasibətlərində çox ciddi soyuqluq yaranmışdı. Bu vəziyyət qarşı tərəfin sərgilədiyi mövqe nəticəsində yaranmışdı. Sonradan gördük ki, Azərbaycan Prezidenti haqlı olaraq məsələyə münasibət bildirərək qeyd etdi ki, beynəlxalq hüquqa istinadən və qonşuluq, normal münasibət halları nəzərə alınmaqla qarşı tərəfdən adekvat reaksiya tələb edilir. Təəssüf ki, Rusiya bunu etmək əvəzinə Azərbaycana qarşı təzyiq metoduna üstünlük verdi. Rusiyadakı diaspor üzvləri, iş adamları hədəf götürüldü, sıravi vətəndaşlarımız hədəfə alınaraq əmlakları müsadirə edildi, həbslər və qətllər baş verdi. Rusiya güc strukturları Azərbaycana qarşı ‘səlib yürüşünə’ başladılar. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Azərbaycan Prezidenti də xalqımızın və dövlətimizin maraqlarını müdafiə edərək doğru mövqe tutdu və Rusiya tərəfindən bu cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etdi.”

Deputat qeyd edib ki, Rusiya Prezidenti hadisəyə görə üzr istəsə də, sonradan qeyri-adekvat addım atmaqdan çəkinməyib:

“Uzun müddət Azərbaycanın tələbləri yerinə yetirilməsə də, oktyabr ayının 9-da Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Putin bir çox məqamları etiraf edərək Azərbaycan Prezidentindən üzrxahlıq etdi. O, əminliklə bildirdi ki, məsələ çox diqqətlə araşdırılacaq. Lakin Rusiya tərəfi öz dediklərinə zidd qərar qəbul etdi və əslində, bu, Putinin öz-özünə etdiyi hörmətsizlik idi. Özünə hörmət etməyən şəxsə qarşı da heç bir hörmət edilməməlidir. Rusiyanın təyyarə qəzası ilə bağlı açıqladığı absurd səbəb iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirəcək bir addımdır.”

A. Əlizadə Azərbaycanın beynəlxalq məhkəmə yolu ilə haqqını tələb etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb:

“Bundan sonra nə olacağına baxmaq lazımdır. Artıq Rusiya istintaqı belə nəticəyə gəlib ki, təyyarə vurulmayıb, öz-özünə yolunu azaraq Aktauda qəzaya uğrayıb. Bütün dünyanın gözü qarşısında belə böyük yalan olmaz. Rusiya növbəti dəfə qeyri-insani addım atır. Əslində, bu, gözlənilən idi. Ukraynada 4 ildir uşaqların, qocaların qətlinə fərman verən Rusiya rəhbərliyi indi də “AZAL” təyyarəsinə dair analoji addım atmaqla gündəmə gəlib. Putin özü də Azərbaycan Prezidentindən üzrxahlıq edərkən bildirmişdi ki, istintaqın gedişatına hər cür dəstək göstərəcək. İstintaqın qərarından onun verdiyi “dəstək” artıq məlum oldu. Azərbaycan bundan sonra beynəlxalq məhkəməyə müraciət edərək sanksiyaların tətbiqinə nail olmalıdır, başqa yolu yoxdur. Rusiya bu qərarı verməklə bütün körpüləri yandırdı.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa