ABB-də növbəti ŞİKAYƏT: "Sizin ucbatınızdan xaricdə yolda qalmışam"
Sosial şəbəkədə ABB (Azərbaycan Beynəlxalq Bankı) ilə bağlı növbəti ciddi şikayət səsləndirilib.
Yenicag.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən müştəri xaricdə olduğu zaman kartının heç bir xəbərdarlıq edilmədən bloklandığını və bu səbəbdən çarəsiz vəziyyətdə qaldığını bildirib.
Bank tərəfindən blokun açılması üçün müştəriyə xaricdən ödənişli beynəlxalq zəng etməyin məcburi olduğu bildirilib ki, bu da narazılığı daha da artırıb. Müştəri məsələ ilə bağlı bankdan izahat və operativ həll gözləyir.
Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:

“Şikayətim ABB-dəndir! Xaricdəyəm, taksi sifariş etdiyim üçün kartımı atıblar bloka. Yolda qalmağım azmış kimi, deyirlər bloku açmaq üçün xaricdən ödənişli yığmalısınız! Mən sizdən istəmişəm bloka atmağınızı? Nəyə görə sizin ucbatınızdan yolda qalmalıyam? Niyə rouminqi aktiv edib, ödənişli yığmalıyam sizi?”, – deyə o bildirib.
Yenicag.az













