Vüqar İskəndərov: “Biliyə sarılmayan gənc hər an zərərli vərdişə qurşana bilər”
“Gənclərimiz biliyə, savada, milli dəyərlərə daha çox sarılmalıdırlar”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, sosial şəbəkələrdən istifadənin gənclərə təsirindən danışıb. Deputat bildirib ki, hər bir gənc öz dövrünün yetişdirməsidir:
““İndiki gənclər bizə oxşamırlar” sözünü bir çox yaşlıdan eşitmişik. Bu, yüzillərdir, minillərdir davam edən təbii prosesdir. Yaşlı nəsil düşünür ki, müasir gənclik onlar kimi deyil. Lakin gəncləri qınamaq yox, onlara dəstək olmaq, özünə çəkmək lazımdır. Bu baxımdan Azərbaycan gənclər siyasəti sahəsində dünyada öncül dövlətlərdən biridir. Gənclərlə bağlı çox ciddi dövlət proqramları və milli strategiya mövcuddur”.
Vüqar İskəndərov qeyd edib ki, qloballaşma və yüksək texnologiyaların inkişafı hazırda öz təsirini göstərməkdədir:
“İnternet əsrində yaşayırıq. İnformasiyanın sürətli ötürülməsi ilə yanaşı, gənclərin zərərli vərdişlərə qurşanma hallarının artması tendensiyası da hiss olunur. Çünki gənclik elə bir dövrdür ki, insan həmin yaşda daha romantik və üsyankar olur, özünü təsdiq etməyə çalışır. Həmin yaş qrupunda olan insanları hər hansı təsir altına salmaq daha asandır.
Gənclərimiz biliyə, savada, milli dəyərlərə daha çox sarılmalı və bu dəyərlərin daşıyıcısı olmalıdırlar. İnternet bıçaq kimidir: qatilin əlində öldürər, həkimin əlində həyata qaytarar. Yəni telefon və digər texnoloji resurslardan kimin necə istifadə etməsi məsələsi hazırda olduqca aktualdır”.
Deputat vurğulayıb ki, qanunvericilik bazasının paralel şəkildə təkmilləşdirilməsinə daim ehtiyac var:
“Maarifləndirmə mütləq olmalıdır. Gənclərin maraqlarına uyğun televiziya proqramları hazırlanmalı, asudə vaxtın səmərəli təşkil edilməsi üçün daim şərait yaradılmalıdır. Ölkəmizdə bu məsələlərə kifayət qədər diqqət ayrılır. Müvafiq qurumlar və vətəndaş cəmiyyəti gənclərimizin hərtərəfli inkişafı üçün birgə əməli addımlar atmalıdırlar”.
Samir Məcidov













