Qarnaço “United”dən GEDİR? – “Nə deyəcəyimi bilmirəm…”
“Manchester United”in argentinalı hücumçusu Aleksandro Qarnaço ötəngecəki məğlubiyyətlə bağlı danışıb.
Yenicag.az xəbər verir ki, “fəlakətli mövsüm”ün ardından argentinalı ulduz “TyC Sports”a verdiyi müsahibədə həm komandanın çıxışını, həm də şəxsi vəziyyətini dəyərləndirib.
Qeyd edək ki, mövsüm ərzində Avropa oyunlarının hamısında start heyətdə yer alan Qarnaço finalda “San Mames” stadionunda ehtiyat oyunçular skamyasında qalıb. Baş məşqçi Ruben Amorim onun yerinə Meyson Maunta üstünlük verib. Bu qərar isə argentinalı futbolçunun narazılığına səbəb olub.
“Bu mövsüm hamı üçün çətin keçdi, gözləntilərin altında qaldıq. İngiltərə Superkubokunu və Avropa finalını uduzmaq vəziyyəti daha da ağırlaşdırdı. Finala qədər hər mərhələdə oynadım, komandaya kömək etməyə çalışdım. Amma bu gün isə cəmi 20 dəqiqə meydanda olmaq… nə deyəcəyimi bilmirəm”, – deyə Qarnaço bildirib.
Gələcəyi ilə bağlı suallara isə argentinalı forvad qeyri-müəyyən cavab verib:
“Oyunun təsiri var, klubdakı vəziyyət, mövsümün gedişatı… Hələlik tətilin dadını çıxarmağa çalışacağam, sonra nə olacağını görəcəyik”.
Qeyd edək ki, Qarnaçonun bu açıqlaması onun “Manchester United”dən ayrılacağı ilə bağlı iddiaları bir qədər də gücləndirib.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalında yunanıstanlı Anqe Postekoqlunun rəhbərlik etdiyi komandaya məğlub olan Mançester təmsilçisi həm tituldan, həm də növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququndan məhrum olub. Beləliklə, “Qırmızı şeytanlar” 11 ildən sonra ilk dəfə Avropa turnirlərindən kənarda qalacaq.
Göycə Göycəyev