Başını qaldırmayan piyada, qaydanı bilməyən sürücü – Kimdir MÜQƏSSİR?
“Məsələnin həlli yolu cərimələrin artırılması deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyası (BAP) Elşad Musayev deyib.
O, piyada zolaqlarında artan təhlükənin qarşısının alınması istiqamətdə təkliflərini səsləndirib.
BAP sədri söyləyib ki, televiziyalarda boşanma verlişlərindənsə, maarifləndirici layihələr hazırlanmalıdır.
“İlk növbədə, həm sürücülər, həm də piyadalar öz vəzifə və öhdəliklərini bilməlidir. Sürücülərin çoxu yol hərəkəti qaydalarını tam olaraq düzgün bilmir. Belə problemlərin yaranmasının kökündə məhz bu dayanır. Əlavə olaraq, sürücü mədəniyyəti vacib şərtdir, bizdə isə təəssüf ki, belə sürücülərin sayı çox azdır”.
Onun sözlərinə görə, eyni zamanda, piyada da yolu keçəndə gərək gözü açıq olsun:
“Başdanxarab sürücünün yaratdığı təhlükədən yayınmaq üçün gərək piyada başını qaldırıb ətrafa baxsın. Düzdür, istər sürücülərin, istərsə də piyadaların qayda pozuntusu ilə bağlı cərimələr mövcuddur. Son zamanlar cərimələrin miqdarı da artıb. Lakin aydın görünür ki, məsələnin həlli yolu cərimələrin artırılması deyil”.
E. Musayevin fikrincə, KİV-lərdə bu kimi problemlərin aradan qaldırılması istiqamətdə maarifləndirmə işlərinin aparılması vacibdir:
“Televiziyalarda boşanma verlişlərindənsə maarifləndirici layihələr hazırlanmalıdır. Həmçinin hansı qayda pozuntusuna görə hansı inzibati tədbirin nəzərdə tutulduğu göstərilməlidir. Çayxanalara gedirik içəridə siqaret çəkirlər, lakin qapalı yerdə tütün məlumatlarından istifadə etmək olmaz. Yəni qanun qəbul olunub, ancaq icra mexanizmi yoxdur. Sürücülük vəsiqəsinin alınması məsələsi də belə bəllidir. Bir sözlə, belə mənfi tendensiyaların aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması vacibdir”.
Nəsimi Ələsgərli