“Türk Dövlətləri Təşkilatı artıq yalnız Şərqin və Mərkəzi Avrasiyanın səsi deyil” – Tənzilə Rüstəmxanlı yazır

media-hightechnic-468x90

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Bu birliyin gerçək forması kimi Türk Dövlətləri Təşkilatı tarixi ənənələrin müasir siyasi tələbləri əsasında qurulan çoxşaxəli struktur səviyyəsinə yüksəlməkdədir.

Bu gün TDT regional və qlobal sistemdə alternativ güc qütbü formalaşdırmaq niyyətində olan üzv dövlətlərin strateji maraqlarının üst-üstə düşdüyü geosiyasi platforma funksiyasını yerinə yetirir. Əgər ilk mərhələdə təşkilatın əsas məqsədi ortaq mədəni kodların qorunması və siyasi əlaqələrin yaradılması idisə, bu gün prioritetlər dəyişib: enerji resurslarının şaxələndirilməsi, qlobal ticarət marşrutlarının üzərində yerləşən strateji mövqelərdən ortaq istifadə və təhlükəsizlik sahəsində inteqrasiya ön plana keçir. Bu dəfə ev sahibliyini təşkilata üzv yox, müşahidəçi statusuna malik Avropa ölkəsi Macarıstan edirdi. Bu detal təkcə rəmzi deyil, həm də strateji məna daşıyır. Çünki TDT artıq yalnız Orta Asiyanın və Cənubi Qafqazın içində qapanan blok olmaq istəmir, Avropa platformalarında oyunçu qismində çıxış etmək niyyətindədir. “Şərq və Qərbin görüş nöqtəsi” devizi ilə keçirilən bu zirvə, əslində, türk dünyasının mövqeyini dəyişmək, onu Avrasiyada təkcə mədəni deyil, siyasi və iqtisadi güc qütbünə çevirmək planlarının bir hissəsidir. Budapeşt görüşü Türk Dövlətləri Təşkilatı artıq yalnız Şərqin və mərkəzi Avrasiyanın səsi deyil, Avropa siyasi səhnəsində də öz mövqeyini formalaşdırmaq əzmində olan, çoxtərəfli əməkdaşlıqla irəliləyən bir güc mərkəzi olduğunu göstərdi.

Heç şübhəsiz bütün bu prosesdə Azərbaycanın yeri və rolu xüsusi qeyd edilməlidir. Türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində hər zaman prioritet olub. Prezident İlham Əliyevin siyasətində türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Ölkəmizin Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmiryolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub.

Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Şanlı Zəfərdən sonra türk dövlətlərinə 20-dən artıq rəsmi və qeyri-rəsmi səfərlər edilmiş, təxminən eyni sayda da türk dövlətlərinin dövlət və hökumət başçıları ölkəmizə səfər etmişdir. Bu yüksək səviyyəli dialoq digər sahələrdə əməkdaşlıq üçün unikal imkanlar yaradır. Digər bir vacib məqam isə Azərbaycanın Orta Asiya türk dövlətlərinin Avropaya çıxışında oynadığı rol və yaratdığı infrastrukturla bağlıdır.

Bir sözlə, Budapeşt sammiti yalnız TDT-nin bir toplantısı deyil, həm də Türk dünyasının gələcək geosiyasi kimliyi, Avropa ilə münasibətlərdə mövqeyi və Mərkəzi Asiya üzərində təsir uğrunda mübarizənin vacib mərhələsidir. Türkiyə, Macarıstan və Azərbaycanın bu kontekstdə apardığı koordinasiyalı siyasət TDT-nin regional birlikdən strateji gücə çevrilməsi yolunda həlledici rol oynayır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600